Sağlam həyat tərzinin təşviqi” mövzusunda beynəlxalq təlim keçirildi

  8-13 sentyabr 2019-cu il tarixdə gənc jurnalistlər, bloqqerlər, fəal sosial şəbəkə istifadəçiləri üçün “Sağlam həyat tərzinin təşviqi” mövzusunda beynəlxalq təlim kursu keçirilib.

Sentyabrın 13-də təşkil olunan yekun kursda gənclər və idman nazirinin müavini İntiqam Babayev, səhiyyə nazirinin müavini Rahim Əliyev, “Addım” Yaradıcı Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə çıxış edərək bildiriblər ki, təlim kursunun əsas məqsədi gənc jurnalistləri, bloqqerləri, sosial şəbəkə istifadəçilərini sağlam həyat tərzi ilə bağlı maarifləndirmək, həmçinin müasir texnologiyalardan və media mənbələrindən yararlanaraq bu mövzunu daha geniş auditoriyaya çatdırmaqdır.

Diqqətə çatdırılıb ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisləri – Monitorinq və təhlil şöbəsinin müavini İnara Makayeva, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova və Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova tərəfindən aparılan təlimlər zamanı iştirakçılara sağlam həyat tərzi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, gənc nəslin sağlam böyüməsi üçün erkən yaşlarından onlarda sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir. Sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynayan amillərdən söz açılaraq vurğulanıb ki, sağlam qidalanmaq, fiziki aktiv olmaq, tütünçəkmə və digər zərəli vərdişlərdən imtina etmək çağırışları rəqəmsal mediada, o cümlədən sosial şəbəkələrdə geniş təbliğ olunmalıdır.

Qeyd edək ki, təlim kursu Gənclər və İdman Nazirliyinin və MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, “Addım” Yaradıcı Gənclər Təşkilatının təşəbbüsü ilə təşkil olunub. Təlimdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Ukraynadan 70-ə yaxın gənc iştirak edib.

22 Sentyabr 2019
Bu mətn 138 dəfə oxunub