Tibbi Müayinə Kartı Sistemi

Ümumi məlumat

“Tibbi müayinə kart” (TMKS) nazirlik tərəfindən müəyyən edilən məlumatları özündə saxlayan elektron informasiya sistemidir.Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların ( obliqat qruplar ) vaxtlı-vaxtında müayinədən keçmələrinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları, Maliyyə və Ədliyyə Nazirlikləri ilə razılaşdırılmış təklifinə əsasən, Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli 142 saylı qərarı ilə “«Tibbi müayinə kartı» sisteminin tətbiqi Qaydaları” təsdiq edilib. Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən Tibbi müayinə kartı sisteminin tətbiqinə başlanıb. Həyata keçirilən sistemin məqsədi müayinə prosesinin nəticələri üzrə vahid mərkəzləşdirilmiş və lokal məlumat bazalarının yaradılması və bununla da prosesdə iştirak edən qurumlar arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması, Gigiyena- Epidemiologiya Mərkəzləri (GEM) və poliklinikalar tərəfindən prosesə nəzarətin gücləndirilməsidir.
      Əhalinin sağlamlığının təmin olunması, infeksion və parazitar xəstəliklərin yayılmasına yol verilməməyi üçün obliqat qruplara aid edilən şəxslər mütləq həm işə daxil olanda, həm də sonralar dövri olaraq tibbi müayinələrdən keçməlidirlər. Bu işlərin, tibbi müayinələrdə iştirak edən ixtisaslı həkimlərin, işin növünə görə lazımi laborator və funksional-diaqnostik müayinələrin, həmin işə qəbul edilmək üçün tibbi əks-göstərişlərin siyahısı Səhiyyə Nazirliyinin 23 yanvar 1998-ci il tarixli 13 saylı əmri ilə təsdiq edilib.
      Obliqat qrupların müayinəsi prosesinin əsas iştirakçıları obliqat qrupa daxil olan şəxs, həmin şəxsin işlədiyi müəssisə, müəssisənin fəaliyyət rayonu üzrə müvafiq poliklinika və GEM-dir. Göstərilən tərəflərin hər birinin obliqat qrupların müayinəsi üzrə müəyyən funksiyaları və öhdəlikləri vardır.
      Obliqat qrupların müayinədən keçmələri barədə məlumatlar Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən, adi kitabça şəkilli tibbi müayinə kartlarında cəmləşdirilir. Tətbiq edilən həmin kartlar artıq mikroprosessorlu çip ilə təchiz olunmuş plastik kartlarla əvəz edilməyə başlanıb Yeni kartların üzərində və çiplərində vətəndaşa aid inzibati məlumatlarla yanaşı, onun ilkin və dövri tibbi müayinədən keçməsi barədə məlumatlar yerləşdirilir. Səhiyyə Nazirliyinin 5 sentyabr 2007-ci il tarixli 82 nömrəli əmri ilə bu sistemə keçidlə əlaqədar təşkilati və digər məsələlərin həll edilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə həvalə olunub.2010-cu ilin iyul ayına qədər 30000 vətəndaş Mərkəzdə fəaliyyət göstərən kart personalizasiya bölməsində hazırlanan yeni kartlarla təmin edilib.
      Tibbi Müayinə Kartı sistemi nazirlik tərəfindən müəyyən edilən məlumatları özündə saxlayan elektron informasiya sistemidir. Kartlarda yer alan müayinələr barədə məlumatlar müayinələrin keçirildiyi tibb müəssisələrində kompyuterlərə qoşulmuş kart oxuyucu qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər. Tibbi Müayinə kartı sistemi Mərkəzi İnformasiya Bazasından və müvafiq tibb müəssisələrində qurulmuş proqram təminatlarından, müəssisələrin personal kompyuterinə qoşulmuş xüsusi oxuyucu qurğulardan və elektron kartlardan ibarətdir. Sistemin iştirakçıları olan tibb müəssisələrində lokal informasiya bazalarına daxil olmaq və əməliyyat aparmaq üçün kompüter avadanlığı və proqram təminatı quraşdırılıb. Hal-hazırda Respublikanın şəhər və rayonlarını tam əhatə etməklə 155 işçi yeri yaradılıb.

Sistemin yaradılmasının əsasları

      Səhiyyənin Dövlət Proqramlarından biri “Tibbi Müayinə Kartı sisteminin” yaradılması və tətbiqidir.
      “Tibbi Müayinə Kartı” sisteminin (TMKS) tətbiqi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.3.10 bəndinə əsasən həyata keçirilir.
      Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 142 nömrəli qərarı ilə “Tibbi Müayinə Kartı” sisteminin tətbiqi Qaydaları” təsdiq edilib.
      Bundan əlavə sistemin fəaliyyəti Səhiyyə Nazirliyi tərəfindən 5 sentyabr 2007-ci il tarixli 82 nömrəli əmri ilə təsdiq edilən “Tibbi Müayinə Kartı” sistemindən istifadə Qaydaları” ilə də tənzimlənir.

İş prosesi

      Sistemin iştirakçıları olan GEM-də obliqat qrupların ilkin qeydiyyatı aparılır və məlumatlar sistemə daxil edilir. Müayinədən keçəcək hər bir şəxs kartın alınması üçün qeydiyyatda olduğu GEM-ə müraciət edir. GEM öz növbəsində kartları “Kartın verilməsi üçün anket”lər əsasında Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə sifariş edir. Xüsusi avadanlıqlarla təchiz olunmuş bu Mərkəzdə həmin kartlar hazırlanır, onları sifariş etmiş poliklinikalar vasitəsilə sahiblərinə çatdırılır. Müayinə kartları vətəndaşlara ondan istifadə qaydası ilə tanış edilməklə verilir. Bu qaydalar Səhiyyə Nazirliyinin 5 sentyabr 2007-ci il tarixli 82 nömrəli əmri ilə təsdiq edilmiş «Tibbi müayinə kartı sistemindən istifadə Qaydaları»ndan çıxarış kimi kart alan vətəndaşa təqdim edilir. Tibbi Müayinə kartının alınması üçün vətəndaşlar xidmət haqqı ödəməlidir.
      Tibb müayinə kabinetlərində müəssisəsinin rəhbəri tərəfindən tibbi müayinə kartı sistemi ilə işləmək hüququ verilən əməkdaş proqrama daxil olaraq, kart sahibinin kartında əməliyyatlar aparır. Aparılan bütün əməliyyatlar haqqında məlumat proqramda qeyd olunur. Gün ərzində aparılan əməliyyatlar elektron şəkildə İnformasiya Mərkəzinə göndərilir. Obliqat qrupların sağlamlıq vəziyyətinin qeydiyyatının aparılması məqsədi ilə İnformasiya Mərkəzində sistemin elektron registrinin bankı yaradılır. Eyni zamanda müayinələrin nəticələri barədə məlumatlar obliqat qruplara verilən elektron tibbi müayinə kartlarında da saxlanılır. Obliqat qrupların tibbi müayinələri zamanı ortaya çıxan yeni məlumatlar sistemə, o cümlədən tibbi müayinə kartına əlavə edilir.
      Tibbi Müayinə kartı vətəndaşların özündə qalır. Vətəndaş müayinə kartının itməsi, oğurlanması və ya digər səbəblərdən istifadəyə yararlı olmaması barədə dərhal tibbi müayinə kartını aldığı müəssisəyə yazılı surətdə məlumat verməlidir. Tibbi Müayinə kartının itməsi və ya istifadəyə yararsız hala düşməsi halında vətəndaş yeni kart almaq üçün GEM-ə müraciət edir. Məlumat sistemə daxil edildiyi zaman köhnə kart bloklanır və yeni kartın hazırlanması prosesi başlanılır. Yeni kartın verilməsi prosesi eynilə ilkin kartın verilməsi kimi həyata keçirilir.
      Qanunvericilikdə sistemdən və kartlardan qeyri-qanuni istifadəyə görə məsuliyyət nəzərdə tutulur. Vətəndaşın tibbi müayinədən keçməsi üçün müraciət etməsi faktı, onun sağlamlıq vəziyyəti, aşkarlanmış yoluxucu xəstəliklər, müayinə və müalicə vaxtı əldə edilən digər informasiyalar məlumat sirridir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir. Müəssisələr tərəfindən vətəndaşların sağlamlıq və müayinə nəticələrinə aid məlumatların məxfiliyi təmin edilir. Kartda olan məlumatlar vətəndaşların razılığı ilə və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda açıqlana bilər. Sistemlə işləyən əməkdaşlar tərəfindən sistemdə və ya müayinə kartında hər hansı məlumatın dəyişdirilməsi baş həkimin təsdiqlədiyi ərizə əsasında aparılır.
      Hazırda "Elektron Səhiyyə" (e-sehiyye.gov.az) internet portalı vasitəsilə Elektron Tibbi Müayinə Kartı sistemindəki unikal kodunu bilən vətəndaş (unikal kod kartın üzərində qeyd olunub) özü barədə sistemdə qeyd olunan bütün məlumatları internet üzərindən əldə edə bilər. Bununla yanaşı vətəndaşın fəaliyyət göstərdiyi müəssisənin məsul şəxsləri də internet üzərindən öz müəssisələrində işləyən vətəndaşların müayinədən keçmə statusuna internet üzərindən nəzarət edə bilərlər.Bunun üçün vətəndaş yaxud müəssisənin səlahiyytli şəxsi portalda 1 dəfə qeydiyyat etməlidir.

Tibbi Müayinə Kartlarının onine sifarişi”

    Tibbi Müayinə Kartlarını online sifarişi Elektron Səhiyyənin növbəti elektron xidməti olan “Tibbi Müayinə Kartının online sifarişi” adlı xidmət vasitəsilə həyata keçirilir.

Tibbi Müayinə Kartını buradan sifariş edə bilərsiniz:
Tibbi Müayinə Kartının online sifarişi

Tibbi Müayinə Kartı Sistemi ilə bağlı şəkillər