Tələbələri imtahan nəticələrini elektron şəkildə öyrənə biləcəklər

  Əsas fəaliyyət istiqamətlərini elektronlaşdıran Azərbaycan Tibb Universiteti (ATU) daha mühüm bir dəyişikliyə imza atıb. Belə ki, universitet tələbələrinin imtahandan topladığı nəticəni öyrənməyə imkan verən vahid elektron baza – Tələbə Məlumat Sistemi istifadəyə verilib.

Universitetin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Rəmzi Əliyev bildirib ki, belə bir bazanın yaradılması üçün bir müddətdir işlər görülürdü: “Artıq “results.amu.edu.az” ünvanında Tələbə Məlumat elektron resursu istifadəyə verilib. Universitetin hər bir tələbəsi özünəməxsus nömrə və ya imtahan kodu ilə sistemə daxil olaraq imtahandan öncə ballarını və imtahandan sonra əldə etdiyi nəticəni öyrənə bilər”.

R.Əliyevin sözlərinə görə, 2019-2020-ci il payız semestrindən başlayaraq Tibb Universitetinin yuxarı kurs tələbələri həmin resursdan yararlana bilərlər. Həmin resursun yaradılması tələbələri əlavə vaxt itkisindən azad edir. Onların dekanlığa üz tutaraq hansısa məlumatı öyrənməsinə ehtiyac qalmır. Bu, bütövlükdə imtahan prosesinin daha da şəffaflaşdırılması, tələbə-müəllim ünsiyyətinin minimuma endirilməsi istiqamətində aparılan işlərə töhfədir.

Qeyd edək ki, tələbələr imtahandan sonra “results.amu.edu.az” ünvanına daxil olub öz imtahan kodları ilə nəticələri dərhal dəqiqləşdirə bilərlər.

14 Yanvar 2020
Bu mətn 144 dəfə oxunub