Qadınların, uşaqların və yeniyetmələrin sağlamlığının qorunması proqramına 25 milyard dollar vəsait qoyulacaq

 BMT-nin baş katibi Pan Gi Mun qadınların, uşaqların və yeniyetmələrin sağlamlığının qorunması üzrə Qlobal Strategiyanın qəbul olunduğunu elan edib. Bu təşəbbüsün əsas vəzifəsi 2030-cu ilədək qadınlar, uşaqlar və yeniyetmələr arasında ölüm faizini minimuma endirmək, habelə onların sağlamlığının və rifahının möhkəmləndirilməsinə kömək etməkdir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, növbəti beş ildə proqrama 25 milyard ABŞ dolları qoyulacaq.
Davamlı İnkişaf üzrə Sammitdə dünya liderlərinin qəbul etdikləri yeni strategiya növbəti 15 il ərzində davamlı inkişaf sahəsində hədəf və vəzifələrə nail olmağın həyata keçirilməsinin tərkib hissəsidir.
Sammitdə iştirak edən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və özəl sektorların nümayəndələri, alimlər və BMT-nin digər tərəfdaşları bu təşəbbüsü dəstəkləyiblər.
Pan Gi Mun deyib: “Bu gün mənin qürurla elan etdiyim qadınların, uşaqların və yeniyetmələrin sağlamlığının qorunması sahəsində qlobal strategiya yaşamağa qabil və sağlam cəmiyyət qurmaqda kömək edə bilər. Biz sübut etdik ki, tərəfdaşlıq çərçivəsində görülən iş konkret nəticələr verir. Mən də, bütün BMT sistemi də bundan sonra da aramızda olan ən zəif insanların həyatının qorunması və yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik”.

30 Sentyabr 2015
Bu mətn 2772 dəfə oxunub