Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olundu

 Hər il 10 oktyabr tarixində Ümumdünya Psixi Sağlamlıq Günü qeyd edilir. 2015-ci ildə Günün mövzusu "Ləyaqət və Psixi Sağlamlıq”dır. Bu mövzu təsadüfi olaraq seçilməmişdir, belə ki, cəmiyyətin mühüm məsələlərindən biri psixi pozğunluğu olan şəxsləri layiqli həyatla təmin etməkdir. Buna müvafiq qanunlar və yardım proqramları, mütəxəssislərin təlimi, həmçinin əhalinin maarifləndirilməsi vasitəsilə nail olunur.

Ləyaqət - şəxsiyyətə hörmət və özünəhörmət, avtonomiya, həmçinin şəxsi qərarların verilməsi hüququndan ibarət mənəvi-əxlaqi dəyərdir. Ləyaqətlə yaşamaq əsas hüquq və azadlıqlardan, o cümlədən:
● Zorakılıq və pis münasibətdən azad olmaq;
● Diskriminasiyadan azad olmaq;
● Sərbəstlik;
● İctimai həyata daxil olmaq;
● Qərar qəbul edilməsində iştirak etmək imkanı deməkdir.

Bütün dünyada psixi problemi olan insanlar çox zaman bu hüquqlardan istifadə etmək imkanına malik olmurlar. Onların bir çoxu uzun müddət cəmiyyətdən təcrid olunmuş şəkildə qapalı müəssisələrdə yaşayırlar. Lakin, hətta ailələrilə yaşayanlar da tez-tez öz yaxınları tərəfindən pis münasibətə uğrayırlar. Onların şəxsi qərarlarını verməsi məhdudlaşdırılmış, təhsil almaq və işləmək şansları xeyli azaldılmışdır.
Son illər bizim ölkəmizdə psixi pozğunluğu olan şəxslərə edilən yardımın təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. 2011-ci ildə Azərbaycan parlamenti tərəfindən psixi sağlamlıq haqqında qanunvericiliyə psixi pozğunluğu olan şəxslərin hüquq və maraqlarının qorunmasına yönəldilmiş dəyişikliklər edilmişdir.
Bundan əlavə, 2011-ci ildə psixi sağlamlıq sahəsində Milli Strategiya və Milli Fəaliyyət Planı qəbul edilmişdir. Bu sənədlərdə psixi sağlamlıq sahəsində yardımın təkmilləşdirilməsi üzrə konkret tədbirlər, əsas prinsiplər, məqsəd və öncəliklər əks edilmişdir.
Bu sənədlərdə qeyd edilmiş mühüm məsələlərdən biri ilkin səhiyyə səviyyəsində psixi sağlamlıq və sosial yardım xidmətinin inkişaf etdirilməsidir. Son zamanlaradək Azərbaycanda psixi sağlamlıq problemləri olan şəxslərin əksəriyyətinə ixtisaslaşmış müəssisələrdə - psixiatrik xəstəxanalar və psixonevroloji dispanserlərdə yardım göstərilirdi. Psixi sağlamlıq sahəsindəki xidmətlərin Səhiyyə Nazirliyinin ilkin yardım sisteminə inteqrasiyası məqsədilə psixonevroloji dispanserlərin ləğv edilməsi və həkim-psixiatrların ilkin yardım müəssisələrinə köçürülməsi qərarı qəbul edilmişdir. Bu qərar nəticəsində psixi sağlamlıq sahəsindəki xidmətlər əhalinin yaşayış yerinə yaxınlaşdırılmış, eyni zamanda həm psixi, həm də somatik problemi olan pasientlərin müraciət etməsi əhəmiyyətli dərəcədə asanlaşmışdır. Bundan əlavə, psixiatrik müəssisələrdə müalicəylə əlaqədar olan stiqma xeyli azalmışdır.
İlkin səhiyyə sistemində psixiatrik yardım sisteminin təkmilləşdirilməsi məqsədilə 10 okyabr 2015-ci il Psixi Sağlamlıq Günü ərəfəsində Psixi Sağlamlıq Mərkəzində Bakı şəhər poliklinikalarının rəhbərləri və həkim-psixiatrlarının iştirakı ilə konfrans keçirilmişdir. Konfransda psixi xəstələrin hüquqlarının təmin edilməsinə dair Psixiatrik Yardım haqqında Qanunun müddəalarının tətbiq edilməsi, psixi sağlamlıq sahəsinə məlumat sisteminin daxil edilməsi məsələləri nəzərdən keçirilmişdir.

10 Oktyabr 2015
Bu mətn 2099 dəfə oxunub