Qurğuşunun təsiri hər il 600 min uşaqda zehni geriləmə yaradır

 Dünya Səhiyyə Təşkilatının himayəsi altında (DST) qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq həftəlik keçirilir.

AZƏRTAC DST-nin saytına istinadən xəbər verir ki, inkişaf etməkdə olan ölkələrdə xəstəliklərin 0,6 faizi qurğuşunun təsiri ilə yaranır. Qurğuşun zəhərlənməsi uşaqların inkişafını ləngidir, onların əqli qabiliyyətlərinin pozulmasına gətirib çıxarır, bəzi hallarda isə ölümə səbəb olur. Qurğuşun xüsusilə azyaşlı uşaqlar üçün çox təhlükəlidir, çünki bu zərərli maddə böyüklərə nisbətən onların orqanizminə 3-4 dəfə daha artıq təsir göstərir. Qurğuşunun təsiri nəticəsində hər il təqribən 600 min uşaqda zehni geriləmə halı müşahidə olunur.

Qurğuşunun uşaq sağlamlığına mənfi təsirlərinin aşkar olunmasına baxmayaraq bir çox ölkələr hələ də boyalarda onun istifadəsini davam etdirir. Bu isə narahatlıq doğurur. Buna görə DST ictimaiyyətin diqqətini bu problemə yönəltmək məqsədilə oktyabrın 25-dən başlayaraq qurğuşun zəhərlənməsinin qarşısını almaq üçün bir həftə ərzində tədbirlər keçirəcək.

27 Oktyabr 2015
Bu mətn 1197 dəfə oxunub