Qrip əleyhinə peyvənddən imtina bəzən ölümlə nəticələnə bilər

 Qrip əleyhinə peyvənddən imtina bəzən ölümlə nəticələnə bilər.

AZƏRTAC BMT-nin informasiya mərkəzinə istinadla xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edib.

DST ekspertləri xroniki xəstəlikləri olan insanlara, həkimlərə, hamilə qadınlara və 65 yaşdan yuxarı bütün şəxslərə qripə qarşı peyvənd vurdurmağı təkidlə tövsiyə edirlər.

"Hər il bütün dünyada təxminən 500 min nəfər qripə yoluxma nəticəsində həyatını itirir. Ölənlərin 10 faizi Avropanın payına düşür. Onları qrip əleyhinə peyvəndin köməyi ilə xilas etmək olardı", - deyə DST-nin Avropa bürosunun nümayəndəsi Karolin Braun bildirib. Onun sözlərinə görə, DST-nin Avropa regionu ölkələrində hər il ən azı 30 milyon nəfər peyvənd alır.

Həkimlər bildirirlər ki, insanlar adətən qripin yüngül formasına tutulurlar və tez də bərpa olunurlar. Lakin qrip infeksiyası bəzi hallarda ölümlə nəticələnən ciddi fəsadlar törədir. Ciddi fəsad riski ən çox 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunur. Bu yaş qrupunda qriplə bağlı ölüm hər on nəfərdən səkkizinə düşür. Bu, onunla bağlıdır ki, insan yaşa dolduqca onun immun sistemi zəifləyir, infeksiyalara, o cümlədən qripə qarşı davamlılığını itirir.

31 Oktyabr 2015
Bu mətn 2063 dəfə oxunub