“Google” ürək xəstəliyi üçün dərmanların hazırlanmasına 25 milyon dollar sərmayə yatıracaq

 “Google” korporasiyasının törəmə şirkəti “Google Life Sciences” ürək-damar sistemi xəstəlikləri üçün dərmanların hazırlanması üzrə elmi-tədqiqat layihəsinə 25 milyon dollar sərmayə yatırmağı qərara alıb. Amerika Ürək Assosiasiyası da bu layihəyə 25 milyon dollar vəsait ayıracaq. Beləliklə, layihənin ümumi dəyəri 50 milyon dollar təşkil edəcək.

AZƏRTAC “interfax.ru” saytına istinadla xəbər verir ki, “Google Life Sciences”in direktoru Endi Konrad insanların ən çox məhz ürək-damar xəstəliklərindən dünyasını dəyişdiyini, ona görə də innovasiyaların köməyi ilə bu problemi həll etməyinin vaxtının yetişdiyini deyib.

E.Konradın sözlərinə görə, heç kim uğura zəmanət verə bilməz: “Biz əlimizdən gələni edəcəyik. İrəliləyiş cüzidir, onu hərəkətə gətirmək lazımdır”.

Qeyd edək ki, “Google Life Sciences” 2015-ci ilin avqustunda “Google”un biotibbi bölməsi kimi yaradılıb.

10 Noyabr 2015
Bu mətn 2284 dəfə oxunub