Sankt-Peterburqda ürək-damar sistemi xəstəliklərinə dair beynəlxalq konfrans keçirilir

 Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Bürosu Rusiya Səhiyyə Nazirliyi ilə birlikdə Sankt-Peterburqda ürək-damar sistemi xəstəliklərinin problemləri üzrə beynəlxalq konfrans keçirir.

Avropa Regional Bürosundan AZƏRTAC-a bildirilib ki, konfrans Rusiyanın aparıcı kardiologiya müəssisəsi olan V.A.Almazov adına Federal Tibbi Tədqiqat Mərkəzində keçirilir.

Beynəlxalq konfransın iştirakçıları - müvafiq sahədə siyasəti formalaşdıran simalar, ekspertlər, habelə pasiyentlər, peşəkar assosiasiyaların nümayəndələri bilik və təcrübələrini bölüşəcəklər.

Konfrans ürək-damar faktoru risklərinin bal şkalasının tətbiqinə töhfə verəcək. Bu şkala 10 il ərzində istənilən yaşlı adamın həyatında ürək-damar ağırlaşmasından ölüm risklərinin məcmusunu yaş, cins, arterial təzyiq, qanda xolesterinin miqdarı kimi baza parametrlərində qiymətləndirməyə imkan verir. Bal şkalasından, həmçinin ünvanlı konsultasiyaların keçirilməsi və arterial təzyiqə daha dəqiq nəzarət üçün istifadə etmək olar. Bu, infarkt və ya insult riskini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

İştirakçılar Avropada səhiyyə xidmətlərinin infarkt və ya insult simptomlarının başladığı andan xəstəyə effektiv təxirəsalınmaz tibbi yardımın göstərilməsinədək olan vaxtın azaldılması yollarını da nəzərdən keçirəcəklər. Bu intervalın minimuma endirilməsi ürək və damarın incə toxumalarının zədələnməsinin qarşısını almağa, xəstənin yaşamaq və sağalmaq şanslarını maksimum artırmağa kömək edir

19 Noyabr 2015
Bu mətn 1539 dəfə oxunub