Tələbələr narkomaniya və zərərli vərdişlər haqqında məlumatlandırıldı

  Mütəmadi olaraq məktəblərdə, ali təhsil ocaqlarında maarifləndirici tədbirlər təşkil edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri bu dəfə Azərbaycan Dillər Universitetində (ADU) tədbirə dəvət olundular.

19 oktyabr 2016-cı il tarixində adı çəkilən universitetdə tələbələr üçün narkomaniya və zərərli vərdişlərə qarşı məlumatlandırıcı tədbir keçirildi. Tədbirdə İSİM-in əməkdaşları çıxış edərək tədbir iştirakçılarına zəmanəmizin böyük probleminə çevrilən və əksəriyyət baxımından cavan nəsli əlinə alan tütünün və narkomaniyanın cəmiyyətdə yaratdığı xəstəliklərdən danışdılar. Onların istifadəsi nəticəsində yaranan asılılıqdan söhbət açaraq bildirdi ki, bu yaxınlarda İSİM-in Ambulator şöbəsinin nəzdində tütündən imtina kabineti fəaliyyətə başlayacaq. Tədbir “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün, digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədi daşıdığı vurğulandı.

Tədbirin təşkilatçılarından olan ADU-nun Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının əməkdaşları görüşün sağlam həyat tərzinin təbliğinə bir tövhə olduğunu, bu istiqamətdə tələbələr arasında aksiyalar, kütləvi tədbirlərin keçirilməsinin önəmli olduğunu vurğuladılar. Siqaretin, narkotik vasitələrin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlardan danışıldı.

Tədbirin sonunda İSİM tərəfindən tədbirin mövzusuyla əlaqədar hazırlanmış maarifləndirici bukletlər paylanıldı.

21 Oktyabr 2016
Bu mətn 1018 dəfə oxunub