Regionlarda media-tur təşkil olunmuşdur

  Dövlətin diqqəti və qayğısı nəticəsində regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrinin siması daim yenilənir, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da artırılması məqsədi ilə tibbi müəssisələr müasir avadanlıqlarla təchiz edilir, kadrların ixtisas səviyyəsi daha da artırılır. Səhiyyədə aparılan islahatların əsas məqsədi əhalini bütün lazımi növ tibbi xidmətlərlə yüksək səviyyədə təmin etməkdir.

Həyata keçirilən tədbirlər nəticəsində regionlarda yaşayan əhali tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunur, müayinə və müalicə işi aparılır. Nəticədə əhali müalicə və müayinə üçün paytaxt Bakıya gəlmək zərurəti ilə üzləşmir, birbaşa yaşadığı ərazidə keyfiyyətli səhiyyə xidməti ilə təmin edilir.

Regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrində gedən yenidənqurma işləri ilə geniş ictimaiyyəti tanış etmək məqsədi ilə Səhiyyə Nazirliyi regionlarda yerləşən tibbi müəssisələrə KİV nümayəndələrinin iştirakı ilə media turlar təşkil edir. Növbəti media tur 28-29 oktyabr tarixlərində Lənkəran Müalicə Diaqnostika Mərkəzinə, Lerik Mərkəzi Rayon xəstəxanasına və Astara Mərkəzi Rayon Xəstəxanasına təşkil edilmişdir.

Tədbir çərçivəsində Lənkəran Müalicə Diaqnostika Mərkəzi ilə tanış olan KİV nümayəndələrinə baş həkim Malik Məmmədov bildirib ki, Lənkəran və ətraf rayonların əhalisinə xidmət edən müəssisə ən müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Burada əhaliyə dializ, stasionar əməliyyat, cərrahiyyə, reanimasiya, şüa-diaqnostika, poliklinika şöbələri xidmət edir. Bu gün Mərkəzdə müalicə və müayinə ilə yanaşı müxtəlif səpkili əməliyyatlar da icra olunur. Buraya açıq ürək əməliyyatları da daxildir.

Tədbir zamanı Lənkəran Müalicə Diaqnostika Mərkəzində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) ezam olunmuş geniş tərkibli həkim heyəti tərəfindən əhalinin müayinə və müalicəsi aparılmışdır. Aksiya barədə KİV nümayəndələrinə məlumat verən RMDM-in baş həkimi Rauf Ağayev qeyd etmişdir ki, RMDM mütəmadi olaraq regionlarda əhaliyə tibbi xidmət məqsədli aksiyalar keçirir. Bu tədbirlərin məqsədi regionlarda əhalinin müalicə və müayinə işinə töhfə verməkdir. O bildirdi ki, RMDM-in həkimləri tərəfindən müraciət edən əhalinin müayinəsi aparılır, ehtiyacı olan xəstələr üçün cərrahi əməliyyatlar keçirilir. Müayinələrdə RMDM-nin intervensional radiologiya və şüa diaqnostikası, ginekologiya, pediatriya, travmatologiya-ortopediya, oftalmologiya, kardiologiya, neyrocərrahiyyə, qastroenterologiya, kardiocərrahiyyə, LOR şöbələrinin aparıcı mütəxəssisləri iştirak etmişdir.

Səfər zamanı Lerik Mərkəzi Rayon Xəstəxanasında olan jurnalistlərə xəstəxananın baş həkimi Mübariz Ağayev bildirdi ki, əhaliyə nümunəvi tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır. Tibb ocağı 81,6 min nəfərlik əhaliyə yüəksək səviyyədə tibbi xidmət göstərir. Həkim qeyd etdi ki, 90 çarpayılıq mərkəzi xəstəxana əhaliyə ambulator və stasionar tibbi xidmət göstərir. Burada əhaliyə Konsultativ poliklinika, Terapiya, Cərrahiyyə, Doğum, Uşaq xəstəlikləri, Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət edir.

Media tur çərçivəsində Astara Mərkəzi Rayon Xəstəxanasına baş çəkən media nümayəndələrinə baş həkim Əlövsət Əliyev bildirdi ki, Astara rayonunda əhaliyə tibbi xidmətin ən müasir tələblər səviyyəsində təşkilinə nail olmaq üçün zəruri addımlar atılıb. Astara Rayon Mərkəzi Xəstəxanası yüksək beynəlxalq standartlara cavab verən müasir tibbi avadanlıqlarla və zəruri ixtisaslı kadrlarla təmin olunmuşdur.

Artıq bir neçə ildir ki, Mərkəzi Xəstəxananın həkim və tibb işçilərindən ibarət səyyar briqadalar rayonun ən ucqar dağlıq ərazisində yerləşən kəndlərdə yerli əhalinin yüksək səviyyədə tibbi müayinə və müalicəsini aparır. Səhiyyə Nazirliyinin rəhbərliyi ilə Mərkəzi Xəstəxanada ilk dəfə olaraq böyrəkköçürmə əməliyyatı aparılmış və uğurla nəticələnmişdir. Respublikanın tanınmış və yüksək ixtisaslı tibb mütəxəssislərinin rayona dəvət edilərək yerli əhalinin tibbi müayinə və müalicəsində iştirakı gözəl ənənəyə çevrilmişdir.

1 Noyabr 2016
Bu mətn 832 dəfə oxunub