"ASAN xidmət"-in əməkdaşları sağlam həyat tərzi ilə bağlı məlumatlandırıldı

  İSİM-in Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə Əməkdaşlıq Sazişi çərçivəsində növbəti tədbir "ASAN xidmət" mərkəzinin əməkdaşları üçün təşkil olunub. 29 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzində keçirilən tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti çıxış edib.

Tədbirdə 1, 2, 3, 4, 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin əməkdaşları və Sumqayıt ASAN-dan olan nümayəndələr iştirak etdilər. Online-telekörpü vasitəsiylə isə Sabirabad, Masallı, Gəncə, Bərdə və Qəbələ "ASAN xidmət" mərkəzinin əməkdaşları da “Sağlam həyat tərzinin təbliği” mövzusunda olan təqdimatları görə biliblər.

Maarifləndirici mühazirə ilə çıxış edən natiq tədbir iştirakçılarına sağlam həyat tərzi, zərərli vərdişlərin sağlamlığa mənfi təsir edən amilləri və onlardan çəkinmə yolları haqqında məlumat verib. Fiziki aktivliyin cavanların həyat tərzində, onların sağlamlıqlarının qorunmasında mühüm rol oynamasından danışan məruzəçi sağlamlığın qorunması üçün əhalinin maarifləndirilməsinin çox vacib məqam olduğunu bildirib.

Tədbirin sonunda məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı. Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün və digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədilə təşkil olunmuşdur.

1 Noyabr 2016
Bu mətn 746 dəfə oxunub