Travmatoloq və ortopedlərin II Qurultayı keçirilmişdir

  12-13 noyabr 2016-cı il tarixdə Azərbaycan travmatoloq və ortopedlərin II qurultayı və Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

I Qurultayda Azərbaycanlı həmkarlarla uğurlar və mövcud problemlər müzakirə edilmişdir. II Qurultayda isə 30-dan artıq əcnəbi travmatoloqlar iştirak etmişdir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan Respublikalarının travmatologiya və ortopediya institutlarının direktorları və bu respublikaların baş travmatoloqları, Türkiyə, Rusiya, Almaniya və digər ölkələrin aparıcı mütəxəssisləri geniş heyətlə qurultayda iştirak edib məruzələrlə çıxış etmişlər. Qonaqlarımızın yeni texnologiyalar haqda məruzələri azərbaycanlı mütəxəssislərinin biliklərini daha da artırmağa imkan yaratmışdır.

Keçirilən II Qurultay ölkənin ixtisaslaşmış, aparıcı elmi-praktik, təşkilati mərkəzi olan ETTOİ-nun 70 illik yubileyi ilə üst-üstə düşdüyündən bu iki çox əhəmiyyətli tədbirlər birgə keçirilmişdır.

Qurultayı açıq elan edən Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov institutun əməkdaşlarına fəxri fərmanlar və döş nişanı ordenləri təqdim etmişdir. ETTOİ-nun direktoru ə.e.x., prof.Vaqif Verdiyev Azərbaycanda travmatologiya və ortopediyanın, ETTOİ-nun inkişaf mərhələsi və Azərbaycanda travmatologiyanın bugünkü inkişafından danışmışdır.

İştirakçıların diqqətini cəlb edən məqamlardan biri də ETTOİ-nun 70 illiyini əks etdirən qısametrajlı film olmuşdur.

Azərbaycanda keçən əsrin əvvələrindən formalaşmağa başlayan travmatologiya və ortopediya ixtisası böyük yol keçmiş və hal-hazırda beynəlxalq standartlara uyğunlaşma tendensiyasını yaşayır. Bu işlərin görülməsi istiqamətində ETTOİ Səhiyyə Nazirliyinin baş müəssisəsi kimi üzərinə düşən bütün problemlərin həllində köməklik göstərməyə hazır olduğu vurğulanmışdır.

Qurultayda yekun olaraq Azərbaycanda travmatologiya və ortopediya üzrə son illərdə nəzərə çarpan dərəcədə inkişaf olduğu qeyd edilmişdir və gələcəkdə bu istiqamətdə tərəqqini təmin etmək üçün travmatologiya və ortopediyanın hər bir sahəsində, xüsusən özəl sektorda ixtisaslaşma və mərkəzləşmə zəruriyyəti vacib bir məsələ kimi qəbul edilmişdir.

18 Noyabr 2016
Bu mətn 910 dəfə oxunub