ÜST Azərbaycanın malyariya, qızılca və məxmərəklə mübarizədə uğurlarını yüksək qiymətləndirir

  Səhiyyə Nazirliyinə Kopenhagendən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın imzası ilə minnətdarlıq məktubu daxil olub.

Sənəddə deyilir:

“Malyariyadan azad Avropaya doğru yolda mühüm fəaliyyətinizin təsdiqi nişanəsi olaraq.

2016-cı il aprelin 20-də ÜST Avropa Regional Bürosu Avropa Regionu ərazisində malyariyanın yerli ötürülməsində fasiləyə nail olunduğunu bəyan etdi. Beləliklə, Avropa Regionu dünyada malyariyadan azad ilk region oldu.

Bu nailiyyəti mümkün edən möhkəm siyasi tərəfdarlığınıza, yüksək sayıqlığınıza və sərf etdiyiniz resurslara görə sizə ÜST adından minnətdarlığımı bildirmək istərdim.

Jujanna Yakab

ÜST Avropa Regional Bürosunun direktoru”.

Səhiyyə Nazirliyinə daha iki sənəd Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyasından daxil olub. Sənədlərdən birində deyilir:

“Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən yaradılmış Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyası təsdiq edir ki, Azərbaycan 2012-ci ilin yanvar ayından 2014-cü ilin dekabr ayınadək olan müddətdə qızılcanın rəsmi sənədlə təsdiqlənmiş eliminasiyasına nail olub. Bu fakt bütün Avropa regionunda qızılca və məxmərəyin eliminasiyası məqsədinə çatmaq üçün əhəmiyyətli töhfədir”.

Digər sənəd analoji olaraq həmin dövrdə Azərbaycanda məxmərəyin eliminasiyasına nail olunduğunu rəsmi təsdiqləyir.

Hər iki sənədi Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyası adından komissiyanın sədri Günter Pfaf imzalayıb.

6 Dekabr 2016
Bu mətn 969 dəfə oxunub