İSİM-də sağlam qidalanmaya dair aparılmış sorğunun nəticələrinə həsr edilmiş dəyirmi masa keçirildi

  28 dekabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) sağlam qidalanmaya dair aparılmış sorğunun nəticələri ilə bağlı dəyirmi masa keçirildi.Tədbirin məqsədi İSİM tərəfindən 25 məktəbin şagirdləri və onların valideynləri, müəllimlər və məktəb daxilində fəaliyyət göstərən yeməkxanaların əməkdaşları arasında keçirilmiş sorğunun nəticələrinin ilkin müzakirəsi idi.

Tədbirdə masa iştirakçıları olan Təhsil Nazirliyi, AR prezidenti yanında Bilik Fondu, ATU-nun Qr>idalanma və kommunal gigiyena kafedrası, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Qızıl Aypara Cəmiyyəti və Ümidli Gələcək Gənclər Təşkilatının nümayəndələrinin diqqəti İSİM-in mütəxəssisləri tərəfindən Bakı-Abşeron, Gəncə, Lənkəran, Saatlı, Göyçay, Qax, Quba və Qazax regionlarında aparılmış sorğunun nəticələri üzərində cəmləndi. Həmin sorğu çərçivəsində əhali arasında sağlam qidalanmaya dair biliklərin qiymətləndirilməsi, habelə məktəblilərin kafeterilərdən ən çox aldıqları qida məhsullarının müəyyən edilməsinə yönəlmişdi.

Sorğunun koordinatoru məktəb yaşlı uşaqların məktəbdə qidalanması vəziyyətinin öyrənilməsinin əhəmiyyətindən, valideynlərin və məktəb müəllimlərinin buna diqqət ayırmasından danışdı. O, monitorinqin keçiridliyi paytaxt və digər yeddi regionda məktəb yeməkxanalarının şəraiti və imkanları, yeməkxanaların xidmət sahələri, yeməkxanalardakı qida çeşidi, qida məhsullarının satışı və bu qidaların saxlanma qaydalarından bəhs etdi.

Daha sonra, sorğunun nəticələri barədə məlumat verildi. Məktəbli uşaqlar arasında aparılan sorğuya əsasən, uşaqların son 1 ayda məktəb yeməkxanasından istifadə etmələri, yeməkxanadan ən çox aldıqları qidalar və onların sağlam qidalanma ilə bağlı nə dərəcədə məlumatlı olmalarından danışıldı.

Təqdimat bitdikdə tədbir iştirakçıları arasında sorğunun yekunlarına dair fikir mübadiləsi aparıldı. Uşaqlar üçün faydalı qida normativlərinin yaradılması üçün və ümumiyyətlə həm məktəblilərin, həm valideynlərin, həm də müəllim heyətinin sağlam qidalanma probleminə yanaşma tərzlərinin dəyişməsi üçün İSİM tərəfindən aparılan sorğunun vacibliyi vurğulandı. Tədbirin sonunda müzakirələr oldu və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

28 Dekabr 2016
Bu mətn 547 dəfə oxunub