Səhiyyə mütəxəssisləri beynəlxalq təcrübəni öyrənir

  Səhiyyə sahəsində çalışan mütəxəssislərin ixtisasartımı, ölkə xaricində keçirilən seminar, təlim və konfranslarda iştirakı, xarici təcrübənin öyrənilməsi məsələlərinə daim xüsusi diqqət yetirilir.

24-26 iyul 2017-ci il tarixlərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Azərbaycanda Ambulator və Stasionar Palliativ Yardım xidmətinin yaradılması layihəsi çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Moldova Respublikasına təcrübə səfərinə ezam edilliblər. Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən bu seminar və görüşlərdə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov, eləcə də İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov iştirak edirlər.

İştirakçılara palliativ qayğı sistemi üzrə 17 illik təcrübəyə malik olan Moldovanın palliativ akkreditasiya sistemi, o cümlədən palliativ yardımla məşğul olan həkimlərin lisenziyalaşdırılması ilə bağlı məlumatlar verilib. Eyni zamanda, nümayəndələrə ölkədə artıq həyata keçirilən 3 palliativ yardım xidməti – xəstəxana daxilində stasionar palliativ yardım, hospis və evdə palliativ yardımla bağlı geniş təqdimatlar edilib.

İştirakçıların bir neçə hospisə və uşaqlara palliativ yardım göstərən mərkəzlərə səfərləri də nəzərdə tutulub.

Həmçinin, Azərbaycanın səhiyyə mütəxəssisləri 20-22 iyul 2017-ci il tarixlərdə Qırğızıstanın Bişkek şəhərində Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Mərkəzi Asiya və Qafqaz ölkələrində ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunması sahəsində inkişafın gücləndiriıməsi ilə bağlı keçirilən ölkələrarası görüşdə iştirak ediblər. Mərkəzi Asiya və Qafqaz ölkələrinin nümayəndələrinin iştirak etdikləri görüşdə Azərbaycanı böyük heyətlə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, baş neonatoloqu, baş pediatrı, BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyinin əməkdaşları və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayənsdəsi təmsil edirlər.

Konfransın əsas qayəsini Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələr, qadın və uşaqlara göstərilən müalicə-profilaktika yardımlarının keyfiyyətinin yüksəldilməsi, yeni doğulmuş körpələrin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması məsələləri təşkil etmişdir. O cümlədən görüşün məqsədinə ən qabaqcıl klinik təcrübə biliklərinə yiyələnmək, region ölkələrində səhiyyə sistemində lazımi islahatların və ictimai səhiyyə sahəsində mübadilələrin aparılması daxil olmuşdur. Belə ki, bu da gələcəkdə ölkələrə qeyd olunan istiqamətlərdə özünəməxsus fəaliyyət planını tərtib etməkdə kömək olacaqdır.

Konfransda körpələrin ölümünə səbəb olan hallar – doğuşun ağırlaşması, doğuş anomaliyaları, hamiləlik zamanı müşahidə edilən infeksiyalar iştirakçılar tərəfindən bir daha təhlil ediləcək, yenidoğulmuşların sağlamlığında yaşanan problemlərin müəyyən edilməsi və həlli istiqamətində fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, görüşdə Ümumdünya Səhiyyə Təşkilatı, YUNİSEF, Ağa Xan Universiteti, Mərkəzi Asiya Universiteti, Uşaqların Sağlamlığı üzrə Qlobal “SickKids” Mərkəzi və Beynəlxalq Pediatriya Assosiasiyasının təmsilçiləri və tədqiqatçıları iştirak ediblər. Mütəxəssislər bir araya gələrək, “Hər yenidoğulmuş üzrə Fəaliyyət Planı” və bu strategiyadan irəli gələn vəzifələrdən danışaraq region ölkələrində ana və uşaq ölümünün qarşısının alınması ilə bağlı lazımi təkliflərini, tövsiyələrini bildirilmişdir.

27 İyul 2017
Bu mətn 531 dəfə oxunub