“Sülh aylığı” çərçivəsində “Sağlamlıq baxımından insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib

  Hər il 21 sentyabr – “Beynəlxalq Sülh Günü” ərəfəsində ənənəvi olaraq 21 avqust - 21 sentyabr tarixləri “Sülh aylığı” elan edilir və bu ərəfədə bir sıra kütləvi maarifləndirmə tədbirləri keçirilir.

Bu tədbirlərin davamı olaraq 29 avqust 2017-ci il tarixdə “Sülh aylığı” çərçivəsində sülh və insan hüquqlarının təbliği məqsədi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlamlıq baxımından insan hüquqları” mövzusunda həkim və orta tibb personalının iştirakı ilə dəyirmi masa təşkil olunub.

Bildirildi ki, “Sülh aylığı” çərçivəsində müxtəlif qurumlar, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən maarifləndirmə və təbliğat tədbirlərinin həyata keçirilir. Əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mövzusuna toxunarkən qeyd edildi ki, bu günün əhəmiyyəti, tarixi bütün dünyada qeyd olunmaıdır və bu Beynəlxalq Sülh Günü BMT tərəfindən qeyd olunan yeganə rəsmi bayramdır.

Tədbir zamanı həkimlərin gündəlik əmək fəaliyyətlərində riayət etmələri vacib olan “Həkim deontologiyası və etik davranışlar” mövzusunda müzakirə oldu. Bu mövzu ilə çıxış edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkimi həkimlərin tibbi etik davranışlarının pozulması hallarına dair real nümunələrlə çıxış edib.

Səhiyyə sahəsində qanun tərəfindən tənzimlənmiş inzibati xətalarla bağlı həkimləri məlumatlandırılması, “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunu”na dair iştirakçıları maraqlandıran sualları İSİM-in baş hüquqşünası cavablandırıb.

Tədbirin yekununda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı, maraqlı təkliflər dinlənildi.

29 Avqust 2017
Bu mətn 91 dəfə oxunub