Səhiyyə Mütəxəssilərinin Sertifikasiya Şöbəsinin Fəaliyətinə həsr olunmuş tədbir keçirilmişdir

  30.08.2017-ci il tarixində Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şöbəsinin fəaliyyətinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasında səhiyyə sistemində əhalinin tibbi təminatının keyfiyyətinin yaxşılaşdırılması, savadlı kadr potensialının formalaşdırılması istiqamətində məqsədyönlü fəaliyyət aparılır. Son illərdə səhiyyə islahatlarının aparılması, müasir tibb ocaqlarının istifadəyə verilməsi və onların yüksək texnologiyalı tibbi avadanlıqlarla təchiz edilməsi, tibb müəssisələrində işləyən tibb personalının bilik və bacarığının müasir standartlara uyğunlaşdırılmasına xüsusi zərurət yaradır.

Səhiyyə mütəxəssislərinin Sertifikasiya şöbəsi müasir informasiya texnologiyalarından istifadə edərək səhiyyə müəssisələrində çalışan və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesini həyata keçirən və tənzimləyən, onların peşəkarlıq səviyyəsini və peşə yararlığını yoxlayan qurumdur.

Şöbənin fəaliyyət istiqamətləri səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesini həyata keçirmək, tənzimləmək, inkişaf etdirmək və səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlamaq. Sertifikasiya imtahanları qanunvericiliyə uyğun aşkarlıq şəraitdə, şəffaf üsullarla həyata keçirir.

2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesi aparılır. Bu illər ərzində sertifikasiya prosesini daha da təkmilləşdirmək, şəffaflığı daha da artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 dekabr 2015-ci il tarixli 371 nömrəli Qərarı ilə “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda sənəd qəbulunda və imtahan prosedurasında müəyyən dəyişikliklər edilmişdir.

Qaydaya əsasən sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür. İmtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 60 (altmış) sualdan ibarət olan sual kitabçasında qeyd olunur.

İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 (beş) klinik tapşırıqdan ibarət olur və sual kitabçasında qeyd olunur.

İmtahan suallarının test hissəsi üzrə 40 (qırx) və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.

Sertifikasiyadan keçən şəxslərə sertifikasiya imtahanının bitdiyi gündən 5 (beş) iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir, həmçinin şəhadətnamənin surəti onların təqdim etdikləri elektron poçt ünvanına göndərilir.

Adıgedən Qaydanın 2.1. bəndinə əsasən “Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir”.

Belə ki, Səhiyyə Nazirliyinin tabeliyindəki səhiyyə müəssisələrində çalışan tibb mütəxəssisləri kimi, özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisləri, eləcə də digər nazirliklərin tabeliyində olan səhiyyə müəssisələrində işləyən tibb mütəxəssisləri də sertifikasiyadan keçirlər.

Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

2016-cı ildə artıq tibb işçilərinin resertifikasiya mərhələsi başlayıb.

Qeyd olunanlara əlavə olaraq, bildirmək istəyirik ki, hazırda Tibb Kadrlarının Vahid Registrində 42573 ali (onlardan 1668 nəfəri özəl klinikalarda çalışır), 75458 orta tibb işçisi (onlardan 1428 nəfəri özəl klinikalarda çalışır) qeydiyyatdan keçib.

1 avqust 2017-ci il tarixinə olan məlumata görə 26339 (62%) ali, onlardan 421 nəfəri əczaçı (ali) və 40869 (54%) orta, onlardan 215 nəfəri əczaçı (orta) tibb işçisinə Sertifikasiya Şəhadətnaməsi verilib.

İmtahanlardan keçə bilməyən və yaxud müxtəlif səbəblərdən imtahana gəlməyənlər sertifikasiya prosesində iştirak edən mütəxəssislərin təxminən 14%-ni təşkil edir. Qeydiyyatdan keçən və sertifikat alanların sayında olan fərqlərin açıqlaması ondan ibarətdir ki, sosial məzuniyyətdə olan tibb işçiləri, hazırda işləməyən tibb işçiləri, eyni zamanda ali və orta tibb təhsili almış, lakin hazırda heç bir yerdə işləməyən məzunlar da registrdə qeydiyyatdadırlar.

Həmçinin Naxçıvan MR-da çalışıan tibb işçiləri də vahid registrdə qeydiyyatdadırlar və onların sertifikasiya prosesi Naxçıvan Səhiyyə Nazirliyi tərəfindən aparılır.

Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarında çalışan və yalnız elmi işlə məşğul olan mütəxəssislər sertifikasiyaya cəlb edilmirlər.

“Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na əsasən təhsilini təsdiq edən sənədin və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər.


6 Sentyabr 2017
Bu mətn 301 dəfə oxunub