Talassemiya Mərkəzində “Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirilib

 31.01.2018-ci il tarixində Talassemiya Mərkəzində “Talassemiya ilə mübarizədə KİV-in rolu” mövzusunda konfrans keçirilib. Talassemiya Mərkəzinin təşkilatcılığı ilə keçirilən konfransın əsas məqsədi kütləvi informasiya vasitələri ilə birgə talassemiyadan əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi və bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ictimaiyyətin kütləvi maarifləndirilməsi, talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə və təşkilatlarla əməkdaşlığın genişləndirilməısinə düzgün məlumatlandırma və digər maarifləndirmə vasitələri ilə dəstək vermək olub. Konfransda Milli Məclisin üzvləri, nazirliklər, dövlət qurumlarının, KİV-lərin və ictimai birliklərin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov açıb. V.Hüseynov konfrans iştirakçılarına xəstəliyin etiopatogenezi, klinikası, müalicəsi, eləcə də inkişaf sxemi, yayılma arealıvə müasir tibbi metodların tətbiqi ilə xəstrəliyin minimuma endirilməsi, eyni zamanda Talassemiya Mərkəzində aparılan islahatlar, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, mərkəzin imkan və bacarıqlarının gücləndirilməsi üçün hazırlanmış tədbirlər planı, xəstəliyin profilaktikası üzrə əhalinin maarifləndirilməsi ilə bağlı həyata keçirilən işlər haqqında məlumat verib.

V.Hüseynov rəhbəri olduğu mərkəz tərəfindən görülən işlər barədə də məlumat verərkən qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində xəstəlik minimuma endirilib.

Heydər Əliyev Fondunun nümayəndəsi Soltan Məmmədov qeyd edib ki, Fond tərəfindən talassemiya xəstəliyinin profilaktikası, müalicəsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir.

Sonda “Ən yaxşı jurnalist layihəsi” adlı müsabiqə elan edilib. Müsabiqə çərçivəsində talassemiya ilə mübarizəyə kompleks yanaşmanı təmin etmək məqsədilə il boyunca jurnalistlərin inkişafyönümlü, maarifləndirici layihələrin icrası həyata keçiriləcək.

Eyni zamanda qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılmışdır. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır. B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun Talassemiyanın profilaktikası laboratoriyası tərəfindən ölkədə nikahdan əvvəl tibbi müayinələrin keçirilməsinə başlanıldığı andan 2017-ci ilin 31 dekabr tarixinə kimi 364284 müayinə keçirilib. Müayinədən keçənlərdən 14074 nəfərdə talassemiya daşıyıcılığı aşkar edilib.

1 Fevral 2018
Bu mətn 736 dəfə oxunub