Səhiyyə Nazirliyində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

06/13/2022


Səhiyyə Nazirliyində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nümayəndə heyəti ilə görüş keçirilib.
Səhiyyə Nazirliyində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Türkiyə və Azərbaycan tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar və ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri dövlət başçılarının sayəsində bu gündə ən yüksək səviyyədədir.
Türkiyə və Azərbaycan arasında tibb sahəsində qarşılıqlı əlaqələrin mövcudluğundan məmnunluğunu bildirən Teymur Musayev, Səhiyyə Nazirliyinin nümayəndə heyətinin cari ilin may ayında qardaş Türkiyəyə işgüzar səfərini xatırladıb: “İkigünlük səfər çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş zamanı olduqca səmərəli müzakirələr apardıq. Qardaş ölkənin aparıcı tibb ocaqlarının fəaliyyəti ilə də tanış olduq. Səhiyyənin bütün sahələrində Türkiyənin təcrübəsini öyrənmək bizim üçün olduqca faydalıdır”.
Rəqəmsallaşdırmanın iqtisadiyyatda labüd bir proses olduğunu diqqətə çatdıran Teymur Musayev deyib ki, səhiyyə də iqtisadiyyatın bir sektoru olaraq gələcəyini yalnız rəqəmsallaşdırmanın üzərindən görür: “Bu sahədə qardaş Türkiyənin təcrübəsi əvəzsizdir. Rəqəmsallaşdırmada Türkiyə modeli dünyada liderdir”, - deyə nazir vurğulayıb.
Öz növbəsində DEİK-in nümayəndələri tibbi turizm, səhiyyənin rəqəmsal transformasiyası sahəsində tədqiqatlar üzrə Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıblar. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Mənbə: sehiyye.gov.az