Azərbaycanda ÜST-nin Qlobal Sağlamlıq Təhlükəsizliyi Təşəbbüsü və Erkən Xəbərdarlıq və Hesabat layihələri çərçivəsində “Açıq Mənbələrdən Epidemioloji Tədqiqat” mövzusunda tədbir keçirilir

10/18/2022

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər zaman olduğu kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə ictimai səhiyyə sahəsində yaxından əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində göstərilən dəstək ictimai səhiyyə sahəsində fövqəladə halların erkən aşkarlanması, qarşısının effektiv formada alınması və cavab tədbirlərinin vaxtında aparılması məqsədini daşıyır.

Qlobal səviyyədə miqrasiyanın artması regional və yerli miqyasda xəstəliklərin alovlanması və yayılması, həmçinin ictimai sağlamlıq təhlükəsizliyi üçün əhəmiyyətli dərəcədə risk yaradır. Bu, xəstəlik risklərinin yerli, milli və qlobal səviyyələrdə vaxtında aşkarlanmasına, insanların sağlamlığının ətraf mühit amillərinin mənfi təsirindən qorunmasına, möhkəmləndirilməsinə və epidemioloji salamatlığın təmin edilməsinə olan ehtiyacı bir daha önə çıxarır.
Bu xüsusda Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Sağlamlıq Təhlükəsizliyi Təşəbbüsü və Erkən Xəbərdarlıq və Hesabat layihələri (Early Warning, Alert and Response System (EWARS) çərçivəsində “Açıq Mənbələrdən Epidemioloji Tədqiqat” mövzusunda tədbir həyata keçirilir.

Oktyabrın 18-dən 20-dək davam edəcək tədbirdə ÜST-nin Avropa Regional Ofisinin ekspertləri, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyindən olan nümayəndələr iştirak edirlər.
Toplantının məqsədi dünyada baş verən fövqəladə hadisələr barədə ictimai səhiyyə sahəsində ölkə üzrə əlaqələndirici olan Səhiyyə Nazirliyinə məlumatların operativ şəkildə ötürülməsi və təxirəsalınmaz cavab tədbirlərinin təşkil olunması üçün mütəxəssislərin hazırlanmasıdır.

Tədbir iştirakçıları ictimai sağlamlıq riskləri və təhlükələrinin erkən aşkarlanması, araşdırılması, qiymətləndirilməsinə xidmət edən Vahid Sağlamlıq yanaşmasını yaratmaq və təkmiləşdirmək üçün qlobal multidisiplinar mütəxəssislər şəbəkəsinin qurulması və milli səviyyədə ictimai səhiyyə fəaliyyətinin gücləndirilməsi üsulları haqqında məlumatlar əldə edəcəklər.
Mənbə: sehiyye.gov.az