Bu gün Dünya Əl Gigiyenası Günüdür

05/05/2022

30 saniyəlik sadə bir əl dezinfeksiyasının neçə insanın həyatını xilas edə biləcəyini bilirsinizmi? Bəs xəstəxanalarda buna riayət olunmadığına görə hər il neçə insan həyatını itirir, bunu bilirsinizmi? Dünya ciddi bir təhlükə ilə üz-üzədir. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsində Dünya Əl Gigiyenası Günü ilə bağlı məlumatında deyilir. Bildirir ki, günü-gündən artan viruslar, lazımsız yerə işlədilən antibiotiklər səbəbindən, çox davamlı, müalicəyə tabe olmayan bakteriyalar hər il xəstəxanalarda minlərlə insanın həyatına son qoyur. Eyni zamanda koronavirus infeksiyasına qarşı müdafiə olunmaq üçün də əl gigiyenasına riayət etmək vacib amildir. Əllər vasitəsilə bakteriyalar bir xəstədən digərinə yoluxur. Bunun qarşısının alınmasının ən təsirli və asan yolu əllərin dezinfeksiyasıdır. Əl dezinfeksiyasına riayət etməklə, davamlı infeksiyalara yoluxma ehtimalı olan hər 100 xəstədən 50-ni xilas edə bilərik. 2008-ci ildən etibarən BMT-nin Baş Assambleyasının Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə qəbul etdikləri qərara əsasən hər il mayın 5-də “Dünya Əl Gigiyena Günü” (“Global Handwashing Day”) qeyd edilir. Həmin gün əllərin yuyulmasının sağlamlığa müsbət təsiri haqqında əhalinin məlumatlılığının səviyyəsini yüksəltmək məqsədi daşıyır. Əllərin təmiz saxlanması xəstəlik törədən mikroorqanizmlərin yayılmasının qarşısının alınması üçün istifadə edilən ən sadə və effektiv addımdır. Virus və bakteriyaların törətdikləri bir çox xəstəliklər: respirator xəstəliklər, virus hepatitləri, bağırsaq infeksiyaları, COVID-19 xəstəliyi məhz çirkli əllər vasitəsilə keçir. Mütəxəssislərin fikrincə, əllərdə və daha çox çirkli nəm əllərdə bir neçə milyondan yüzlərlə milyona qədər mikroorqanizm aşkarlanır.