Haqqımızda
Cəmiyyətin formalaşmasında, insanların sağlam və normal yaşayış tərzinin təmin edilməsində mühüm rol oynayan səhiyyə sahəsi durmadan inkişaf edir. Dünyada ən sürətli inkişaf tempinə malik olan informasiya texnologiyalarının tətbiqi ilə digər sahələr kimi bu sahənin inkişafı da sürətlənir və öz əhəmiyyətini artırır. Ölkəmizdə digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmağa başlanılıb. Elektron Səhiyyə Elektron Hökumət konsepsiyasının tərkib hissəsi kimi hal-hazırda vətəndaşların, tibb işçilərinin, bu sahədə qərar verici orqanların və əlaqədar digər dövlət qurumların istifadəsində aktiv şəkildə fəaliyyət göstərir. Səhiyyə məlumatlarının rəqəmsal formata keçidinə sistemli olaraq Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları Üzrə Milli Strategiyanın (2003 - 2012-ci illər) icrası məqsədilə ardıcıl olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş 2005-2008 və 2010-2012 illəri əhatə edən “Elektron Azərbaycan” Dövlət Proqramlarında Səhiyyə Nazirliyinə aid tədbirlər çərçivəsində başlanılmışdır.. 3 aprel 2014-cü ildə ölkə rəhbərliyi tərəfindən təsdiqlənən Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada göstərilir ki, informasiya texnologiyaları və sistemləri (İTS) sferası sosial-iqtisadi və mədəni sahələrin, o cümlədən səhiyyənin inkişafına təkan verən əsas amillərdən biri kimi inkişaf etdirilməlidir. Bu amildən yararlanmaqla əhaliyə səhiyyə üzrə göstərilən xidmətlərin keyfiyyəti müntəzəm olaraq yüksəldilə bilər. Ümumi halda qeyd olunmalıdır ki, prinsipcə Elektron hökumət və onun tərkib hissələrindən biri olan Elektron səhiyyə müntəzəm olaraq inkişaf etdirilməlidir. Elektron səhiyyənin və İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi, tibb işçilərinin və pasiyentlərin İKT imkanlarından istifadə etməklə ən son tibbi informasiya və məlumatların əldə etmələrinin təmin olunması hamı üçün vaxtında, əlçatan və effektiv tibbi xidmətin inkişafına töhfə verə bilər. Bütün bunlar baxılan prosesin əhəmiyyətini kifayət dərəcədə təsdiq edir. Səhiyyə sahəsində aparılan islahatların tərkib hissəsi kimi səhiyyə sahəsində informasiya texnologiyalarının geniş tətbiq edilməsi, Respublika əhalisinin sağlamlıq monitorinqini həyata keçirilməsi, eləcə də vahid səhiyyə informasiya mühitinin formalaşdırılması, tətbiq edilməsi, digər informasiya sistemləri və məlumat bazaları ilə əlaqələrin təşkil edilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin 14 may 2010-cu il 32 nömrəli əmri ilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi yaradılmışdır. Mərkəz tərəfindən bu istiqamətdə aşağıdakı layihələr həyata keçirilməkdədir: Vətəndaşların Elektron Sağlamlıq Kartı sistemi; • Kadrların Avtomatlaşdırılmış Uçot Sistemi; • COVID-19 Milli Məlumat bazası; Nümunəvi tibbi-informasiya sistemi; Tibbi Müayinə Kartı Sistemi; Təcili Tibbi Yardım Stansiyasının dispetçer xidməti; Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi; Teletibb sistemləri. Səhiyyə sferasının fəaliyyətinin informasiyalaşdırılması proseslərinin tənzimlənməsi müvafiq qanunvericilik aktları ilə həyata keçirilir. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, bütün tibb personallarına, informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Tibbi məlumatların elektronlaşdırılması istiqamətində bir sıra yeniliklər edilib. Belə ki, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi olaraq saytımızda elektron xidmətlərin təbliğinə daha çox yer ayrılmışdır. Burada Mərkəz tərəfindən görülən işlər, müraciətlər, elektron səhiyyə ilə bağlı bütün məlumatlar istifadəçilərə təqdim olunub. Həmçinin tibb sahəsində göstərilən elektron xidmətlər, onlardan istifadə qaydaları oxucuların nəzərinə çatdırılıb. Həmçinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən vətəndaşlara tibbi məlumatların əlçatanlığını təmin etmək məqsədilə “e-səhiyyə” mobil tətbiqi istifadəyə verilmişdir. Hal-hazırda tətbiq üzərində təkmilləşdirmə işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”də Ümumi standartlaşdırma sisteminin yaradılması və Rəqəmsal reseptin verilməsi bəndləri ilə əlaqədar Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən “Rəqəmsal resept” altsisteminin yaradılması üçün məlumat bazası və proqram təminatı hazırlanmış və pilot layihə kimi istifadəyə verilmişdir. Gələcəkdə bu lahiyənin ölkə üzrə tətbiqi nəzərdə tutulur. Həmçinin ümumi standartlaşdırma sisteminin yaradılması ilə əlaqədar milli və beynəlxalq standartlar, təsnifatlar və nomenklaturlardan istifadə edilməklə, elektron səhiyyə proqramı çərçivəsində fəaliyyət göstərəcək standartların və təsnifatların nəşriyyat mərkəzi yaradılmışdır. Mərkəzin Vahid Səhiyyə İnformasiya mühitinə “Kadrların Avtomatlaşdırılmış Uçot sistemi” inteqrasiya olunmuşdur ki, bu sistem vasitəsi ilə həkimlərin mərkəzləşdirilmiş işə qəbulu, kadr məsələləri, davamlı tibbi təhsil, sertifikasiya, təkmilləşdirmə kursları və digər əmək fəaliyyəti proseslərin tam avtomatlaşdırılması həyata keçirilib. Son illərdə COVID-19 pandemiyasının başlanması ilə əlaqədar VSİS-in tərkib hissəsi kimi “COVİD-19 milli məlumat bazası” altsistemi yaradılmışdır. Məlumat bazasının əsas məqsədi COVİD-19 virusuna yoluxmuş xəstələrin və onlarla təmasda olmuş şəxslərin qeydiyyatı, müşahidəsi, bu sahədə statistika, analiz və operativ qərarlar qəbul etmək üçün bütün texniki vasitələrdən istifadə etməkdir. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır: • əhalinin sağlamlığının monitorinqi üzrə milli mərkəz funksiyalarının həyata keçirilməsi; • səhiyyə sistemində informasiyalaşdırılma məsələləri üzrə ümumi əlaqələndirmə və nəzarət işinin həyata keçirilməsi; • səhiyyə sistemində informasiyalaşdırılma problemlərinin həllinə yönəldilmiş elmi-texniki siyasətin həyata keçirilməsində iştikar edilməsi; • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Mərkəzin fəaliyyət istiqamətləri
Əhalinin sağlamlığının monitorinqi üzrə milli mərkəz funksiyalarının həyata keçirilməsi
Səhiyyə sistemində informasiyalaşdırılma məsələləri üzrə ümumi əlaqələndirmə və nəzarət işinin həyata keçirilməsi
Səhiyyə sistemində informasiyalaşdırılma problemlərinin həllinə yönəldilmiş elmi-texniki siyasətin həyata keçirilməsində iştikar edilməsi
Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək