Elektron səhiyyə (e-sehiyye.az) saytı yenilənmiş formatda istifadəyə verilib.

05/11/2022

“Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ” tərəfindən yenilənmiş Elektron Səhiyyə (e-sehiyye.az) saytı istifadəyə verilib.
Səhiyyə sahəsində İnformasiya Texnologiyaların ölkədə tətbiqinin, bu sahədə dünyada olan yeniliklərin işıqlandırılması və əhaliyə təqdim olunan elektron xidmətlərin təqdim edilməsi məqsədilə 2008-ci ildən etibarən Səhiyyə Nazirliyində “Elektron Səhiyyə” internet portalı fəaliyyət göstərir. Hal-hazırda “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ” tərəfindən portalın yeni versiyası istifadəyə verilib. Portalda Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr, elektron xidmətlər və elektron səhiyyə standartları və təsnifatları barədə məlumatlar yerləşdirilib.
Vətəndaşların və tibb işçilərinin xidmətlərdən istifadəsi, özlərinə aid tibbi məlumatlarının bir mənbədən əldə edilməsi üçün şəxsi kabinet yaradılmışdır. Kabinetə qeydiyyat və giriş “Asan login” sistemi ilə həyata keçirilir. Kabinetə vətəndaşların tibbi məlumatları yaxın gələcəkdə bütün ölkə üzrə tibb müəssisələrindən daxil olan vahid rəqəmsal səhiyyə ekosistemindən cəmlənəcək. Həkimlər və orta tibb işçiləri kabinet vasitəsilə praktik tibb fəaliyyəti barədə məlumatları əldə edə, eləcə də kadr uçot vərəqəsini çap edə biləcəklər.
Azərbaycanda təşəkkül tapan açıq İnformasiya siyasəti səhiyyə sahəsinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Səhiyyənin bütün pillələrində informasiya texnologiyalarının tətbiqi baxımından ciddi addımlar atılır, elektron xidmətlər təkmilləşdirilir, baş verən yeniliklər operativ şəkildə ictimaiyyətə çatdırılır.