Səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı seminar təşkil olunub

05/17/2022

Mayın 17-də “Elektron səhiyyə strategiyası və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı” adlı mövzuda seminar keçirilib. Seminar Azərbaycan Hökuməti ilə Dünya Bankı Qrupu arasında aparılan əməkdaşlığa uyğun olaraq Elektron Səhiyyə Strategiyası və Tibbi İddiaların İdarə Edilməsi Sisteminin İnkişafı üzrə Texniki Yardım Layihəsi çərçivəsində təşkil olunub. Seminarın məqsədi Dünya Bankının Azərbaycanda 2022-2026-cı illəri əhatə edən “Milli Səhiyyə İnformasiya Strategiyası” layihəsi ilə bağlı texniki tövsiyələrinin verilməsi və rəqəmsal məlumatların mübadilə nəticələrinin təkmilləşdirilməsi üçün tibbi iddiaların idarə edilməsi sisteminin gücləndirilməsidir.
Açılış nitqi ilə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, müasir dünyada hər bir sahədə olduğu kimi səhiyyə sisteminin də rəqəmsallaşması çox vacibdir: “Səhiyyə sisteminin rəqəmsallaşması ilə biz daha sistematik nəticələr əldə edə və əhaliyə daha keyfiyyətli xidmət göstərə bilərik. Məlumatların düzgünlüyü və şəffaflığı qərar vermə prosesində böyük rol oynayır. Buna görə də biz icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırlıq mərhələsində çalışdıq ki, mümkün qədər çox səhiyyə sisteminin elektronlaşdırılmasına nail olaq. Bu məqsədlə tibb müəssisələrinə internet xətləri çəkildi, daxili kabelləşmə işləri aparıldı, tibb müəssisələri kompüter avadanlıqları ilə təchiz olundu. Artıq TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qeydiyyat vahid platforma üzərindən aparılır”.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov XXI əsrin tələblərindən birinin səhiyyənin rəqəmsallaşdırılması olduğunu söyləyib: “Tibbi məlumatlara həm pasiyentlərə aid informasiya, həm də maliyyə məsələləri daxildir. Bütün bunlar birlikdə böyük məlumat bazasını təşkil edir. Məlumat bazasının idarəolunması və digər bazalarla mübadiləni təmin etmək əslində səhiyyənin rəqəmsallaşdırılmasının əsasını təşkil edir. Burada əsas çağırışlardan biri fərdi tibbi məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması ilə bağlıdır. Belə ki, böyük verilənlərin müəssisələr və ölkələr arasında mübadiləsi təhlükəsizliyin və dayanıqlığın təmin olunması, eləcə də kibercinayətkarlıq kimi məsələləri ortaya qoyur”.
Nazir müavini vurğulayıb ki, sözügedən məsələlərin həll olunması çox əhəmiyyətidir: “Bütün bunların həyata keçirilməsi üçün böyük işlər görülməlidir. Bu işlərin bir qismi artıq Səhiyyə Nazirliyi və Agentlik tərəfindən həyata keçirilib. Səhiyyənin rəqəmsallaşdırılması davamlı prosesdir. Çünki informasiya texnologiyaları sürətlə dəyişir və səhiyyənin rəqəmsallaşdırılması üçün tətbiq edilən vasitələr də hər il təkmilləşir”.