Səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Litva əməkdaşlığının perspektivləri müzakirə olunub

05/19/2022

Litva Respublikasının Prezidenti Gitanas Nausedanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri başlayıb. Litva Prezidentini ölkəmizə səfərdə geniş tərkibli rəsmi heyət, həmçinin səhiyyə və tibb sahəsinin rəsmiləri də müşayiət edir.

Bu gün Səhiyyə Nazirliyində Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Rimantas Benetis ilə görüş keçirilib. Tədbirdə həmçinin Litva Respublikası Prezidentinin elm, təhsil və mədəniyyət məsələləri üzrə müşaviri Paulius Baltokas və universitetin beynəlxalq əlaqələr üzrə dekanı, professor xanım İngrida Yanuleviçene də iştirak ediblər.

Qonaqları salamlayan səhiyyə nazirinin müavini Nadir Zeynalov ölkələrimiz arasında dostluq əlaqələrinin dinamik inkişaf etdiyini vurğuladı. Bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdıran nazir müavini əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. O, gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu dedi.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Rimantas Benetis ölkə başçılarımızın uğurlu qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı. Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru ölkəmiz ilə səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işində maraqlı olduğunu dedi. O, ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılmasının vacibliyini vurğuladı: “Bu gün Litvanın Sağlamlıq Elmləri Universiteti dünyanın onlarla nüfuzlu elm və təhsil qurumları ilə əməkdaşlıq edən Azərbaycan Tibb Universiteti arasında Anlaşma Memorandumu imzalanacaq. Hesab edirəm ki, bu sənəd ölkələrimiz arasında tibb sahəsində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək”.

Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Litva əməkdaşlığının perspektivləri müzakirə olunub.