1 nömrəli Bakı Tibb kollecinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

06/07/2022


İyunun 6-da Bakı Konqres Mərkəzində 1 nömrəli Bakı Tibb kollecinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1 nömrəli Bakı Tibb kollecinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

İyunun 6-da Bakı Konqres Mərkəzində 1 nömrəli Bakı Tibb kollecinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Teymur Musayev çıxışında kollecin yaradılmasının ötən əsrin əvvəllərinə - Azərbaycanda tibbi kadrların çatışmadığı bir vaxta təsadüf etdiyini vurğulayıb: “Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kolleci çətin və mürəkkəb, eyni zamanda uzun və şərəfli bir inkişaf yolu keçib. 120 yaşlı təhsil ocağının on minlərlə məzunu bu müddətdə Azərbaycanın bütün bölgələrində müxtəlif tibb müəssisələrində çalışıb, əhalinin sağlamlığının keşiyində dayanıb, səhiyyəmizin inkişafına dəyərli töhfələr verib”.

Nazir tibbi kollecin fəaliyyətində bir sıra tanınmış həkim-müəllimlərin, həmçinin onlardan biri görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın mühüm rol oynadığını qeyd etdi: “Oftalmologiya sahəsində unikal elmi məktəbin yaradıcısı, böyük alim, bütün həyatı boyu Hippokrat andına olan sədaqətini nümayiş etdirən akademik Zərifə Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib. O, 1962-1969-cu illərdə Tibb kollecində peşəkar səhiyyə işçilərinin hazırlanmasına da böyük əmək sərf edib”.

Dünya ölkələri üçün qlobal problemə çevrilən COVID-19 infeksiyası mövzusuna toxunan Teymur Musayev xüsusən pandemiya dövründə tibb bacılarının fəaliyyətinin nə qədər önəmli olduğunu vurğulayıb: “Qlobal səviyyədə pandemiyaya qarşı mübarizədə dövlətimizin səyləri və dəstəyi nəticəsində xəstələrin müalicəsinin təşkili operativ qaydada həyata keçirildi. Təbii ki, xəstəliyin nəzarətdə saxlanılmasında dövlətin dəstəyi ilə yanaşı, tibb işçilərimizin, xüsusən də tibb bacılarının rolu danılmazdır.

Pandemiya ilə eyni dövrə təsadüf edən 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı reabilitasiya proseslərində tibb işçilərinin əzmkar əməyi ilə yüzlərlə qəhrəman döyüşçümüz həyata qaytarıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli ordumuzun qazandığı zəfərdə tibb bacılarının da rolu vardır”.

Teymur Musayev çıxışı zamanı bildirdi ki, ixtisasca həkim olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tibb təhsilinin inkişafına, səhiyyə və tibb işçilərinə göstərdiyi diqqət və qayğısı əvəzsizdir: “Mehriban xanımın tibb müəssisələrinə mütəmadi səfərləri zamanı müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların problemləri ilə maraqlanması əhalinin sağlamlığına ən yüksək səviyyədə verilən diqqət və qayğının göstəricisidir”.

“İnanıram ki, tanınmış həkim və alimlərimizin iz saldığı zəngin tarixə malik olan 1 nömrəli Bakı Tibb Kolleci bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək. Cəmiyyətimizə insanların sağlamlığının keşiyində vicdanla dayanan neçə-neçə tibb işçiləri bəxş edəcək”, - deyə nazir fikrini tamamladı.
Azərbaycanda təhsil sisteminin tarixindən bəhs edən təhsil naziri Emin Əmrullayev 120 il ərzində kifayət qədər sürətli və uğurlu yol qət edildiyini bildirib. O zamanlar azərbaycanlı həkimlərin sayının az olduğunu qeyd edən təhsil naziri hazırda Azərbaycan Tibb Universitetinin, tibb kolleclərinin peşəkar tibb işçiləri yetişdirdiyini, xaricdə olan ali təhsil müəssisələrində ölkəmizi uğurla təmsil edən həkimlərimizin, alimlərimizin olduğunu diqqətə çatdırıb. E.Əmrullayevin sözlərinə görə, 120 il ərzində belə bir nailiyyətlər əldə etmək bir xalq, millət üçün çox böyük nəticədir.

Kolleclərin fəaliyyətindən bəhs edən nazir həmin təhsil müəssisələrində tibb bacılarının yetişdirildiyini, bunun isə qızların təhsilə cəlb olunmasında xüsusi rol oynadığını vurğulayıb.
1 nömrəli Bakı Tibb kollecinin direktoru Nailə Əliyeva tibb ocağının tarixi və müasir dövrdə fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verdi: “İlk məzunları 5 nəfərdən ibarət olan təhsil müəssisəsinin hazırda 1400-dən çox tələbəsi var. Əlamətdar bir haldır ki, bugünkü yubiley uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpağlarımızın azad olunaraq, ərazi bütövlüyümüzün bərpa edildiyi bir şəraitdə keçirilir. Əminik ki, Qarabağımızda yenidənqurma və bərpa işləri uğurla başa çatdıqdan sonra yurdumuzun gözəl məkanlarında xalqımıza, millətimizə layiqincə tibbi xidməti göstərə biləcək orta ixtisaslı tibb işçiləri yetişdirəcəyik”.

1 nömrəli Bakı Tibb kollecinin məzunu və gözdən əlillər üçün müalicəvi masaj üzrə təcrübə müəllimi Səbuhi Məmmədov qeyd etdi ki, gözdən əlillər üçün açılmış şöbə 2014-ci ildən fəaliyyət göstərir. Onun sözlərinə görə, kollecdə bu tələbələrin ixtisasa yiyələnmələri üçün fiziki durumları nəzərə alınmaqla hər cür şərait yaradılır və onlara xüsusi qayğı və həssaslıqla yanaşılır.
Daha sonra kollecin tarixi və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında hazırlanmış videoçarx təqdim olunub.

Sonda 1 nömrəli Bakı Tibb kollecinin bir sıra əməkdaşları Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar.
Mənbə: sehiyye.gov.az