Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova: Azərbaycan qarşıya qoyulmuş Qlobal “90-90-90” hədəflərə yaxın olan ölkələr sırasındadır.

06/10/2022


- Günəş xanım, ilk öncə İİV/QİÇS xəstəliyi barədə məlumat verərdiniz...

- İİV infeksiyası – insanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) bu prosesin terminal, yəni sonuncu mərhələsidir. İİV infeksiyası fonunda inkişaf edən, immun sistem hüceyrələrinin proqressiv azalması, çoxsaylı opportunistik infeksiyalar (vərəm, kandidoz, herpetik infeskiyalar və s.) və qeyri-infeksion xəstəliklərin (bədxassəli şişlər) meydana çıxması ilə xarakterizə olunur.

- Xəstəliyə yoluxma yolları hansılardır?

- Xəstəliyin 3 əsas yoluxma yolları aşağıdakılardır:

• Cinsi yolla - İİV-ə yoluxmuş insanla homoseksual və heteroseksual kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində;
• Parenteral yol – İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində; İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı; İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində; İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarinin istifadəsi nəticəsində;
• Perinatal yoluxma - İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində baş verə bilər.

- Hazırda dünyada və Azərbaycanda İİV-lə bağlı epidemioloji vəziyyət necədir?

- Dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir. Belə ki, dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79.3, İİV-lə yaşayanların sayı 37.7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı isə 36.3 milyondur.
Azərbaycanda isə bu infeksiya yoluxma əsasən yüksək riskli qruplar arasında yayılıb. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.
Mənbə: sehiyye.gov.az