IX Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayevlə ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.
06/17/2022
Bu gün IX Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.
Ölkəmizə səfərinə və Qlobal Bakı Forumunda iştirak etdiyinə görə ÜST-nin Baş direktoruna təşəkkürünü bildirən Teymur Musayev COVID-19 pandemiyasına qarşı mübarizədə nüfuzlu səhiyyə təşkilatının Azərbaycanla uğurlu əməkdaşlığını, eyni zamanda qurumun verdiyi tövsiyələrin vacibliyini vurğuladı.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Tedros Adhanom Qebreyesus COVID-19-a qarşı uğurlu mübarizənin aparılmasına, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib. Tedros Adhanom Qebreyesus həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının sıx əməkdaşlıq etdiyini və Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.
Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.
Mənbə: sehiyye.gov.az