Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının Qərbi və Mərkəzi Asiya Departamentinin sosial sektor bölməsinin direktoru ilə görüş keçirilib.

06/23/2022


İyunun 23-də Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Qərbi və Mərkəzi Asiya Departamentinin sosial sektor bölməsinin direktoru xanım Rie Hiraoka ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xatırladıb ki, ölkəmiz 1999-cu ildən etibarən Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir: “Azərbaycan və Asiya İnkişaf Bankı arasında əlaqələr çoxşaxəlidir. Eyni zamanda, birgə regional əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir”.

COVID-19 pandemiyası mövzusuna toxunan səhiyyə naziri Asiya İnkişaf Bankı tərəfindən ölkəmizə yeni növ koronavirus infeksiyasının mənfi təsirinin azaldılması məqsədilə texniki yardımın ayırmasını vurğulayaraq, yardıma və dəstəyə görə minnətdarlığını bildirib.

Teymur Musayev çıxışının sonunda gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində xanım Rie Hiraoka bildirib ki, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının 2015-ci ildə Bakıda uğurla keçirilməsi qarşılıqlı etimad və hörmət üzərində qurulmuş tərəfdaşlığımızın bariz nümunəsidir. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayaraq, Rie Hiraoka ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirib. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.
Mənbə: sehiyye.gov.az