Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər.

06/23/2022


Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məlumatlar artıq uzun müddətdir ki, internetdə ortaya çıxırlar. İndi isə yeni məlumata əsasən Apple şirkəti artırılmış reallıq (AR) cihazı üzərində çalışır və o, 2024-cü ildə satışa çıxa bilər. Bu barədə məlumatı Haitong Intl Tech Research şirkətinin analitiki Jeff Pu verib. Analitikin sözlərinə əsasən şirkət hal hazırda AR cihazın dizaynının hazırlanma mərhələsindədir. Gözləntilərə əsasən AR cihazın prototipi artıq bu ilin sonuna kimi hazır olacaq. Onun irimiqyaslı istehsalına isə 2024-cü ilin ikinci yarısında start verilməldiir.

Məlumatda həmçinin qeyd edilib ki, cihaz AR Glass adını əldə edə bilər. Onun linzalarının isə Corning və Hoya adlı şirkətlər tərəfindən istehsal ediləcəyi güman edilir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin qarışıq reallıq cihazı ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim oluna bilər. Lakin şirkərtin AR cihazı barəsində məlumatlar yeni ortaya çıxıblar. Məlumatda qeyd edilib ki, sözügedən cihaz tamamilə artırılmış reallığı əhatə edəcək. Bu cür cihazın həqiqətən də 2024-cü ildə satışa çıxıb-çıxmayacağı bəlli deyil. Ola bilər ki, şirkət ilk bir neçə il ərzində yalnız qarışıq reallıq cihazına diqqət ayırsın və daha sonra artırılmış reallıq cihazına keçid etsin.
Mənbə: https://technote.az/