“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun növbəti iclası keçirilib

07/25/2022


Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli Fərmanının 1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun növbəti iclası keçirilib.

Tədbirdə Səhiyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirliklərinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, ASAN xidmət, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri iştirak ediblər.

“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun rəhbəri, səhiyyə naziri Teymur Musayev işçi qrupunun üzvlərinə səhiyyə sektorunda tələb olunan dəyişikliklərlə bağlı təklif və layihələrin 3 ay müddətində ölkə rəhbərliyinə təqdim edilməli olduğunu xatırladıb: “Qısa müddətdə əsas sənədlər üzərində müvafiq qaydada işlər görülüb. Bu vaxt ərzində səhiyyə sektoru iştirakçılarının məsuliyyət, hüquq, səlahiyyət, vəzifələri ilə bağlı kifayət qədər araşdırmalar aparılıb. Mövcud ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə qanunvericilik sənədləri hazırlanıb. Ümumilikdə səhiyyə sahəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib”.

Sonda işçi qrupu üzvlərinin ötən iclasda verilən tapşırıqlarla bağlı hesabatları dinlənilib.
Mənbə: sehiyye.gov.az