Səhiyyə Nazirliyində Litvanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

07/27/2022


Səhiyyə Nazirliyində Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasla görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında dostluq əlaqələrinin dinamik inkişaf etdiyini vurğuladı. Bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində uğurlu əməkdaşlığı diqqətə çatdıran Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi və əczaçılıq sənayesində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi: “Bundan əlavə, ölkələrimizin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”.

Öz növbəsində Eqidius Navikas ikitərəfli əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Cari ilin may ayında Litvanın Sağlamlıq Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq Memorandumun imzalandığını diqqətə çatdıran səfir bu sənədin ölkələrimiz arasında tibbi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini vurğulayıb. Ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəklədiyini bildirən səfir ölkəsinin Azərbaycanda tibb təhsili sisteminin beynəlxalq səviyyədə qəbul olunmuş metodologiya və standartlara uyğun modernləşdirilməsinə hər cür töhfə verməyə hazır olduğunu qeyd edib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.
Mənbə: sehiyye.gov.az