İnsana bənzər Ameca robotunun yeni realistik insani mimikaları sərgilənib.

08/22/2022


Keçən il Britaniyanın Engineered Arts adlı şirkəti insana bənzər Ameca adlı robotu ilə məşhurlaşmışdı. Bu robotun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, insan mimikalarına maksimal dərəcədə bənzəyən mimikaları özündə birləşdirir. Bir neçə gün bundan öncə isə sözügedən robotun mühəndisləri onun yeni imkanlarını sərgiləyiblər. Robotun yeni imkanları arasında 12 növ yeni emosiya mövcuddur. Robotun sisteminə inteqrasiya edilmiş yeni emosiyalar arasında qəzəb, təqsir, panika və s. var. Öz saytında Engineered Arts şirkəti qeyd edib ki, Ameca robotu dünyanın insana bənzər ən təkmilləşdirilmiş robotudur. Belə ki, o, yarım dəqiqə ərzində çoxlu sayda emosiya sərgiləyə bilər. Hətta ən professional aktyorlar və aktrisalar da bu cür tapşırığın öhdəsindən çətinliklə gəlirlər. Sözügedən robot artıq çoxlu sayda tədbirdə iştirak edib. Məsələn bu ilin əvvəlində o, Las Veqasda keçirilmiş CES 2022 sərgisində sərgilənmişdi. Hal hazırda Ameca adlı robot süni zəka sisteminə sahib deyil. Robotun sərgilənmiş imkanları hələ ki, onun öncədən proqramlaşdırılmış sistemlərinin çalışmasıdır.
Mənbə: https://technote.az/