İSİM və “Marsol” MMC arasında memorandum imzalanıb

09/08/2022

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə “Marsol” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə memorandum imzalanıb. İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, sənəd İSİM və “Marsol” MMC arasında ikitərəfli əməkdaşlığın çərçivələrini müəyyən edib. Memorandum İSİM-in direktoru Qəhrəman Haqverdiyev və “Marsol” MMC-nin direktoru Tural Mustafayev tərəfindən imzalanıb. Memorandumun imzalanmasında məqsəd səhiyyə və qeyri-səhiyyə sektorunda beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Tərəflərin əməkdaşlığı ilə, tibbi profilaktika tədbirlərinin həcminin artırılması, sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması üzrə innovativ layihələrin, tədbirlərin, forumların təşkili, korporativ sosial münasibətlərin inkişafı istiqamətində təkliflərin hazırlanması və birgə həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, “Marsol” MMC 2017-ci ildən fəaliyyət göstərir. Müxtəlif sektorlar üzrə 400-dən çox təşkilat və qurumla əməkdaşlıq edən şirkətin əsas fəaliyyət sahəsi Azərbaycan iqtisadiyyatının ayrı-ayrı istehsal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar arasında iş birliyinin artması, işgüzar əlaqələrin genişlənməsi və əməkdaşlıq etdiyi dövlət qurumları ilə sahibkarlar arasında körpü rolunu oynamasıdır.
Mənbə: azertag.az