15 sentyabr Ümumdünya Limfoma ilə Mübarizə Günüdür

09/15/2022


Limfoma - limfatik və immun sistemi hüceyrələrinin bədxassəli şiş xəstəliyidir. Bu problem orqanizmdə limfa düyünlərini, dalağı, sümük iliyi ilə bərabər bir çox orqan və sistemləri zədələyir. Limfoma zaman keçdikcə inkişaf edən ciddi xəstəlikdir. Lakin buna baxmayaraq müasir təbabət 80 faiz hallarda bu xəstəliyi sağaltmağın mümkün olduğunu deməyə əsas verir. Xəstəliyin sağalma ehtimalı ona vaxtında qoyulan düzgün və dəqiq diaqnozdan asılıdır.
Limfoma Koalisiyası 2004-cü ildən etibarən sentyabr ayının 15-ni Ümumdünya Limfoma ilə Mübarizə Günü kimi qeyd edir.

Qərbi Avropa ölkələrində limfoma xəstəliyi ildə hər 100 min əhalidən 12-15 nəfərində təsadüf edilir. Məlumatlara görə, bu xəstəlik hər yaşda inkişaf edə bilər. Limfomanın əlamətləri kimi əsasən limfa vəzilərində ağrısız şişkinlik müşahidə olunur. Şişkinlik qarında və qasıq nahiyəsində də ola bilər. Bəzi hallarda bədənin heç bir yerində şişkinlik müşahidə edilmir. Bundan başqa, xəstəlik zamanı üzdə, əl, qol və ayaqlarda uyuşma, qarışqa gəzir kimi hissiyyat, ayaqlarda və topuqlarda şiş, qarın ağrısı, gecə tərləmə, hərarət, iştahasızlıq, arıqlamaq, normal olmayan qaşıntı, xroniki öskürək, nəfəs daralması, boğazda badamcıqların şişməsi, başağrısı və digər simptomlar müşahidə oluna bilər.
Mənbə: azertag.az