Səhiyyə Nazirliyində ÜST-nin Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib

09/19/2022


Səhiyyə Nazirliyində sentyabrın 19-dan 23-dək ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Səhiyyə Nazirliyinə istinadla bildirir ki, qonaqları salamlayan nazir Teymur Musayev ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 30 il ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.

ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klugenin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə və Səhiyyə Nazirliyində keçirilən görüşü xatırladan Teymur Musayev nüfuzlu səhiyyə təşkilatının rəhbərinin ölkəmizə səfərinin əlaqələrimizə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir COVID-19-la mübarizədə ölkə daxilində görülən işləri, bu kontekstdə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib. Vurğulanıb ki, Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər ÜST-nin baş direktoru Tedros Qebreyesus tərəfindən də yüksək qiymətləndirilib.

Teymur Musayev eyni zamanda ÜST-nin Azərbaycan üzrə nümayəndəliyin ölkə səhiyyəsinin təkmilləşdirilməsi və müasirləşdirilməsi işində fəallığını qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin ölkəmizdəki nümayəndəliyinin əməkdaşı Halil İbrahim Durak qeyd edib ki, son 5 ildə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması və tibbi xidmətlərlə hərtərəfli əhatəsinə nail olunması istiqamətində mühüm işlər görülüb. Vurğulanıb ki, Azərbaycanda ilkin səhiyyə xidmətinin (İSH) gücləndirilməsi ÜST üçün dəyişməz prioritetdir.

Bundan əlavə, ÜST-nin ölkəmizdəki nümayəndəliyi Azərbaycan hökumətinə COVID-19-a hazırlıq və cavab tədbirləri, infeksiyaların qarşısının alınması və nəzarəti, təcili tibbi yardım sistemi, fövqəladə hallarda psixi sağlamlıq və psixososial dəstək və digər sahələrdə dəstək verir.

Qeyd edək ki, Azərbaycanda səhiyyə işçi qüvvəsinin inkişafı, ilkin səhiyyə xidməti sahəsində ÜST-nin dəstəyinin uğurlu planlaşdırılmasının təmini, səhiyyə sisteminin müxtəlif strukturlarının və funksiyalarının kontekstini və resurslarını təhlil etmək, davam edən “Azərbaycandakı ilkin səhiyyə xidməti üzrə nümayiş layihəsi” üçün tövsiyələr vasitəsilə ölkəmizdə ilkin səhiyyə xidmətinin gələcək təşkili ilə bağlı baxışlara töhfə vermək, dövlət və özəl xəstəxanalara ziyarət edərək, xəstəxana xidmətlərinin göstərilməsini qiymətləndirmək ÜST-nin Qiymətləndirmə Missiyasının məqsədləridir.
Mənbə: azertag.az