ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya regional ofisinin təşəbbüsü və texniki dəstəyi ilə Sahə Epidemiologiyası üzrə Təlim Proqramı həyata keçirilməkdədir

09/19/2022


2021-ci ilin noyabr ayından başlayaraq ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) Şərqi Avropa və Mərkəzi Asiya regional ofisinin təşəbbüsü və texniki dəstəyi ilə Sahə Epidemiologiyası üzrə Təlim Proqramı (FETP) həyata keçirilməkdədir.

Bu Proqramda bir sıra ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak edirlər. Proqram çərçivəsində Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlovanın rəhbərliyi altında Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşı Zlata Rəsulzadənin mentorluğu ilə şöbənin əməkdaşı Vüsalə Səfərova və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqu Əlcəfər Cəfərov bir sıra tədqiqat işlərini uğurla həyata keçiriblər.

Bu tədqiqat işlərindən “COVID-19 xəstəliyinə yoluxanlar arasında COVID-19 vaksinasiyasının hospitalizasiya və ölümün qarşısının alınmasına təsiri, Azərbaycan 2021” mövzusunda aparılmış tədqiqatın nəticələrini əks etdirən Abstrakt 2022-ci ilin 4-9 sentyabr tarixlərində Panamada keçirilən 11-ci TEPHINET Beynəlxalq Elmi Konfransına qəbul olunub və dünyanın bir çox ölkələrindən qatılmış iştirakçılara Vüsalə Səfərovanın təqdimatında nümayiş edilib. Eyni zamanda, Abstrakt ABŞ-da TEPHINET “BOOK OF ABSTRACTS” adlı nəşrdə də dərc olunub.

Qeyd olunan Proqram çərçivəsində həyata keçirilən “Viruslu hepatit B xəstəliyinin yayılması və epidemioloji nəzarət sisteminin qiymətləndirilməsi, Azərbaycan 2018-2021” adlı tədqiqatın nəticələri Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən olan 100-ə yaxın nümayəndənin qatıldığı vebinarda nümayiş olunub.
Mənbə: sehiyye.gov.az