Litva səhiyyə nazirinin müavini ilə ATU-da görüş keçirilib

09/20/2022


Azərbaycanda səfərdə olan Litva səhiyyə nazirinin müavini xanım Ausra Bilotiene-Motiejuniene və Litvanın ölkəmizdəki səfiri Egidius Navikasla Azərbaycan Tibb Universitetində (ATU) görüş keçirilib.

ATU-dan verilən məlumata görə, söhbət zamanı səhiyyə və tibb elmi sahəsində ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf imkanları müzakirə olunub.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara universitet haqqında geniş məlumat verib. Tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi, universitetdə yeni açılan ixtisaslar, müasir laboratoriyalar haqda məlumatlar maraqla qarşılanıb. Bildirilib ki, tələbə-müəllim mübadiləsi hər iki ölkə üçün faydalı olardı.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən xanım Ausra Bilotiene-Motiejuniene ölkəsinin Azərbaycanda tibb təhsili sisteminin beynəlxalq səviyyədə qəbul olunan standartlara uyğun modernləşdirilməsinə töhfə verməyə hazır olduğunu qeyd edib.

Nazir müavini xatırladıb ki, cari ilin may ayında Litvanın Sağlamlıq Elmləri Universiteti ilə ATU arasında Əməkdaşlıq Memorandumu imzalanıb: “İnanıram ki, bu sənəd ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək”.

Eyni zamanda, görüşdə tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Qonaqlar tələbə və müəllim mübadiləsi məsələsinə müsbət yanaşdıqlarını bildiriblər.
Mənbə: azertag.az