21 sentyabr Ümumdünya Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür

09/21/2022


Altsheymer xəstəliyi yaddaş, düşüncə və digər intellektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə zəifləməsidir.

1994-cü ildən sentyabr ayının 21-i Ümumdünya Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd olunur.

Ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom yəni demensiyanın geniş yayıldığı və müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir.

Dünyada yaddaş, düşüncə, davranış və gündəlik aktiv hərəkətləri icra edə bilməyən, bütün bunlarda problem yaşayan demensiya xəstələrinin sayı milyonlarladır. Demensiyanın ən çox yayılan forması olan Altsheymer xəstəliyi yaddaş, düşüncə, diqqət, hesablama, öyrənmə, dil və mühakimə qabiliyyətlərinə təsir edir. Bu xəstəlik ilk dəfə 1906-cı ildə alman psixiatrı Alois Altsheymer tərəfindən müəyyən olunub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 50 milyon demensiya xəstəsi var. 2030-cu ildə bu xəstələrin sayının 82 milyona, 2050-ci ildə isə 152 milyona çatacağı gözlənilir.

Demensiya probleminə 60 və yuxarı yaş qrupunda olan şəxslərin 5-8 faizində rast gəlinir.

Altsheymer xəstəliyinin inkişafının qarşısını almaq üçün hazırda hər hansı müalicə metodu mövcud deyil. Lakin tədqiqatçılar insanların nizamlı şəkildə idman edərək, siqaret, alkoqol istifadə etmədən, sağlam qidalanaraq, qan təzyiqi, xolesterin, şəkər və çəkini normada saxlayaraq bu riski azalda biləcəyini bildirirlər.

21 sentyabr Ümumdünya Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Gününün qeyd olunması ictimaiyyəti bu xəstəliklə bağlı daha geniş məlumatlandırmağa imkan verir.
Mənbə: azertag.az