Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması istiqamətində mühüm işlər görülüb

09/23/2022


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə Azərbaycan Tibb Universitetində (ATU) görüş keçirilib.

Universitetin mətbuat xidmətindən bildirilib ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. COVID-19-la mübarizədə ölkə daxilində görülən işlər, Azərbaycanın başqa dövlətlərə göstərdiyi yardımlar və irəli sürdüyü təşəbbüslər yada salınıb, bu istiqamətdə Azərbaycanın nailiyyətlərinin ÜST-nin baş direktoru Tedros Qebreyesus tərəfindən də yüksək qiymətləndirildiyi vurğulanıb. Eləcə də daha əvvəl keçirilən görüşün nəticələri müzakirə olunub, işçi qrupu təsdiqlənib.

ÜST-nin ölkəmizdəki nümayəndəliyinin əməkdaşı Halil İbrahim Durak qeyd edib ki, son 5 ildə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması və insanların tibbi xidmətlərlə hərtərəfli əhatəsinə nail olunması istiqamətində mühüm işlər görülüb. ÜST-nin Qiymətləndirmə Missiyasının əsas məqsədi Azərbaycanda tibb işçilərinin inkişafı, ölkənin səhiyyə sisteminin dayanıqlılığının artırılması, ilkin səhiyyə xidməti sahəsində uğurlu planlaşdırmanın təmini, xəstəxana sisteminin effektiv idarəedilməsi, tibbi tədrisin tətbiqi, eləcə də kadrlar şöbələrinin fəaliyyətlərinin gücləndirilməsindən ibarətdir.

Qeyd edək ki, qonaqlar universitetin Tədris Cərrahiyyə Klinikasının fəaliyyəti ilə də yaxından tanış olublar.
Mənbə: azertag.az