Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsrail Məhərrəmbəyli: Xəstənin əməliyyatöncəsi vəziyyətinin düzgün kliniki və laborator qiymətləndirilməsi anesteziya zamanı hər hansı bir insidentin baş vermə ehtimalını azaldır

10/17/2022


- Əməliyyat zamanı anestezioloqun işi nədən ibarətdir?

- Anestezioloq xəstənin cərrahi əməliyyata hazırlanmasına, əməliyyatın gedişi zamanı orqan və sistemlərə nəzarət və həmçinin onlarda baş verən dəyişikliklərin korreksiyasına məsuliyyətlidir. Bunu nəzərə alaraq, cərrahi əməliyyat otağında anesteziyada istifadə olunan aparatların, alətlərin işlək vəziyyətdə olmasına, lazım olacaq alətlərin və avadanlıqların olub-olmamasına ciddi nəzarət etməli və onlar üçün məsuliyyət daşıyır. Bu zaman anestezioloq müşahidə aparatlarını diqqətlə izləməli, xəstədə baş verən hansısa bir dəyişikliyə tez reaksiya verməlidir. Eyni zamanda, əməliyyatdan sonrakı yaxın dövrdə xəstənin vəziyyəti anestezioloqun nəzarəti altında olmalıdır.

- Anesteziyaöncəsi hansı müayinələr tələb olunur?

- Qeyd etməliyik ki, əməliyyat olunan və anesteziya ala biləcək hər bir xəstə anesteziyaönü hazırlıqdan keçməlidir. Bura xəstəyə anestezioloqun baxışı, xəstənin laborator və funksional müayinələrinin dəyərləndirilməsi, anestezioloji riskin qiymətləndirilməsi daxildir. Anesteziya ala biləcək hər bir xəstə standart müayinələrin (qanın ümumi, biokimyəvi analizi, qanın laxtalanma göstəricilərinin təyini, sidiyin analizi, EKQ, döş qəfəsinin rentgen müayinəsi və müvafiq ultrasəs) aparılması vacib sayılır. Bundan başqa, anestezioloq tərəfindən lazım bilinən müayinələrin aparılması da daxildir. Eyni zamanda, digər orqan və sistemlərin klinik qiymətləndirilməsi də anesteziyaönü müayinələrin tərkib hissəsi sayılır. Təbii ki, xəstənin əməliyyatöncəsi vəziyyətinin düzgün kliniki və laborator qiymətləndirilməsi anestezioloji cərrahi riskin düzgün seçilməsinə zəmin yaradır və anesteziya zamanı hər hansı bir insidentin baş vermə ehtimalını azaldır.

- Anesteziyanın yan təsirləri varmı?

- Təbii ki, hər bir manipulyasiyanın mənfi təsirləri olduğu kimi, anesteziyanın özünün də orqanizmə müəyyən qədər yan təsirləri vardır. Bu yan təsirlər əsasən orqanizmin somatik durumuna və tətbiq olunan anestetiklərin farmokodinamik təsirlərinə bağlıdır. Anestezioloqun peşəkarlığı onun xəstənin vəziyyətinin düzgün qiymətləndirilməsinə, anesteziya növünün və anestetiklərin düzgün seçilməsinə bağlıdır. Bu baxımdan, hər bir anestezioloq anesteziya zamanı yan təsirləri az olan və az toksiki təsirə malik anestetiklərin seçilməsinə üstünlük verir. Müasir dövrdə çox çeşidli anestetiklərin olmasına baxmayaraq, təəssüf ki, orqanizmə heç bir mənfi təsir göstərməyən ideal anestetik yoxdur.

- Spinal anesteziya nədir və onun hansı üstünlükləri var?

- Spinal anesteziya huşun saxlanması ilə müşahidə olunan anesteziya olub yerli anesteziyanın bir növüdür. Bu gün istifadə edilən spinal anesteziya ilk dəfə 16 avqust 1897-ci ildə Avqust Bir tərəfindən tətbiq edilib. Hazırda geniş tətbiq olunan bir anesteziya növüdür, əsasən ginekoloji və aşağı ətrafların travmatoloji əməliyyatlarda geniş istifadə olunur. Bundan əlavə, huşun və spontan tənəffüsü pozmadığına görə anestezioloji praktikada geniş tətbiq edilməkdədir. Spinal anesteziya göstərişlər anestezioloq tərəfindən təyin olunur. Az maliyyə xərcləri tələb edən və əməliyyat zamanı az yan təsirlərə malik anesteziya növü kimi tanınır. Lakin xəstə düzgün dəyərləndirilmədikdə və anesteziyaönü hazırlıq zəif olduqda bu növ anesteziyanın da ciddi fəsadları meydana çıxır.

- Hansı narkoz növü ana və uşaq üçün daha az yaxud tamamən təhlükəsizdir?

- Hər bir anesteziya növünün, istər ümumi, istərsə də yerli anesteziyanın tətbiqi zamanı bu və ya digər hallarda ana və uşağın səhhətinə təsir edə bilər. Bu təsir hamiləlik dövründə daha adi şəkildə özünü biruzə verə bilər ki, bunun üçün də anestezioloq hər bir anestetikin farmokokinetik və farmokodinamik xüsusiyyətlərini mükəmməl bilməlidir.

Ümumilikdə tibbi praktikada yerli anestetiklərin tətbiqi (epidural və spinal anesteziya) digər anesteziya növünə (ümumi kombinəolunmuş anesteziya) nisbətən daha təhlükəsiz və daha az orqanizmdə insident yaradan anesteziya kimi üstünlüyə malikdir. Bu, əsasən işlədilən dərmanların sayının az olması ilə özünü göstərir.
Mənbə: sehiyye.gov.az