Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

10/18/2022


17 oktyabr 2022-ci il tarixində Quba şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub.

Görüşdə müxtəlif dövlət qurumlarının aidiyyatı struktur bölmələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, ekspertlər iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini, Elektron Hökumət üzrə İcra Qrupunun rəhbəri Ceyhun Salmanov ölkəmizdə rəqəmsal hökumət quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdən və icrası nəzərdə tutulan layihələrdən, müasir çağırışlardan söz açıb.

Ardınca rəqəmsal xidmətlərin təbliği və təşviqi, dövlət informasiya resurlarında kibertəhlükəsizlik mövzularında təqdimatlar edilib. Həmçinin "opendata" mövzusu, “Mobil Notariat”, “E-qanun” mobil tətbiqləri barədə danışılıb.

Tədbir hesabatlıq alətləri təcrübəsi mövzusunda müzakirələrlə davam edib.

Elektron Hökumət üzrə İcra Qrupu Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanına uyğun olaraq dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində vahid koordinasiyanı həyata keçirmək, habelə rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsini, elektron hökumət və rəqəmsal innovasiyalar sahəsində beynəlxalq rəqabətliliyinin artırılmasını, elektron hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.
Mənbə: vxsida.gov.az