Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “İmmunlaşdırma üzrə İnformasiya Sistemlərinin qiymətləndirilməsi Missiyası”nın nümayəndə heyəti ilə görüş keçirilib

02/13/2023


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində, ÜST-ün “İmmunlaşdırma üzrə İnformasiya Sistemlərinin qiymətləndirilməsi Missiyası”nın ölkəmizdə işgüzar səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə nazirinin Səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov və Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıblar. Bildirilib ki, uşaqların sağlamlığının qorunması daim dövlətin diqqət mərkəzindədir. İmmunlaşdırma proqramı peyvəndlərlə idarə olunan xəstəliklərin profilaktikasına istiqamətləndirilmiş və dövlət tərəfindən daima dəstəklənməkdədir.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Missiya nümayəndələri qeyd ediblər ki, Missiyanın məqsədi Azərbaycanda immunizasiya tədbirlərinin planlaşdırılması, idarə olunması, həyata keçirilməsi, qeydiyyat və hesabatverməyə dair imkanların nəzərdən keçirilməsi, eyni zamanda xarici ekspertlər tərəfindən qiymətləndirilməsi və təkmilləşdirilməsi istiqamətində gələcək addımların müəyyən edilməsindən ibarətdir.
Qeyd edək ki, ÜST-nin missiyasının işgüzar səfəri fevralın 17-dək davam edəcək. Missiya çərçivəsində ölkə, regional və yerli səviyyələrdə immunizasiya tədbirlərinində iştirak edən müəssisələrə səfərlər nəzərdə tutulub.
Mənbə: sehiyye.gov.az