Səhiyyə Nazirliyinin rəqəmsal platforması: Xaricdə tibb təhsili almış tələbələrin diplom təsdiqi üçün onlayn müraciət .

06/30/2023

Səhiyyə Nazirliyinin rəqəmsal platforması: Xaricdə tibb təhsili almış tələbələrin diplom təsdiqi üçün onlayn müraciət

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən səhiyyənin rəqəmsallaşdırılması və elektron formasiyaya keçidin reallaşdırılması vətəndaşlar, hüquqi şəxslər, eləcə də tibb işçiləri üçün xidmətlərdən onlayn formada faydalanmağa geniş imkanlar yaradıb. Xidmətlər Səhiyyə Nazirliyinin (sehiyye.gov.az), habelə nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin (e-health.gov.az) rəsmi internet resurslarında təqdim olunub. Onlayn xidmətin istifadəyə verilməsində əsas məqsəd vətəndaş-məmur ünsiyyətinin, dövlət qurumlarına əyani müraciətlərin aradan qaldırması, həmçinin xidmətdən faydalanmaq və son nəticə əldə etmək üçün minimum vaxt sərfiyyatına nail olmaqdır.
Belə xidmətlərdən biri də xarici ölkələrdə ali və orta təhsil alan tibb işçilərinin Azərbaycan ərazisində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün müvafiq sənədlərin qəbulunun elektron qaydada həyata keçirilməsidir.
Xidmətdən istifadə etmək üçün “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi”nin rəsmi internet portalının https://e-health.gov.az/ "Şəxsi Kabinet" bölməsinə "ASAN LOGİN" vasitəsilə daxil olmaq lazımdır. Daha sonra "Müraciətlər" bölməsində "Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu" alt bölməsinə keçid edilməlidir. Açılan "Yeni ərizə" pəncərəsi vasitəsilə vətəndaş xanaları dolduraraq yaradılmış müraciəti Səhiyyə Nazirliyinin aidiyyəti orqanına təsdiq üçün göndərməlidir. Müraciətə baxıldıqdan sonra vətəndaşın elektron poçt ünvanına və ya şəxsi kabinetinə sənədə baxılması barədə bildiriş göndərilir. Bildirişdə qeyd olunan sənədlərin əslinin notarial qaydada tərcümə və təsdiqi, digər sənədlərin isə surətləri qısa müddət ərzində Səhiyyə Nazirliyinə təqdim olunmalıdır. Səhiyyə Nazirliyinin Komissiyası sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır. Natamam ərizələr qəbul edilmir və bu barədə ərizəçiyə məlumat verilir. Ərizəçinin ali və ya orta təhsilinə dair kvalifikasiyasının tanınmasına dair komissiya tərəfindən qərar qəbul edildikdə ona Azərbaycan Respublikası ərazisində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə verilir.