Səhiyyə Nazirliyində Ukraynanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

08/01/2024

Səhiyyə Nazirliyində Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyevlə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında ikitərəfli əlaqələrinin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir müstəqilliyin bərpasından sonra Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığını və ikitərəfli əsasda səmərəli əlaqələrin qurulduğunu qeyd edib: “Heydər Əliyev Fondunun və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə nazirliyin Sanatoriya-Kurort Bərpa Mərkəzində valideyn himayəsindən məhrum olan 7-17 yaşlı ukraynalı uşaqlar üçün reabilitasiya kursunun təşkili bunun əyani təsdiqidir”
Teymur Musayev ölkələrimiz arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.
Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan nazir, bu sahənin modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişaf etdirilməsi və səhiyyə iqtisadiyyatının gücləndirilməsinin Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib.
Nazir, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcəyi diqqətə çatdırıb: “Dövlət başçısı vurğulayıb ki, beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür”.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Öz növbəsində Yuriy Husyev Ukraynaya göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan səfir ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu bildirib. COP29-un əhəmiyyətini qeyd edən Yuriy Husyev Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etdiyi vurğulayıb.
Diplomat Azərbaycanın Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan qurumlarla əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Yuriy Husyev, həmçinin Bakıda ukraynalı uşaqlar üçün reabilitasiya kursunun təşkilinə görə təşəkkürünü bildirib.
Görüşdə tibb təhsili və bu sahədə peşəkar kadrların hazırlanması, habelə tibb universitetləri arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.
Mənbə: sehiyye.gov.az