26 Avqust Birinci Vitse-Prezident Mehriban Əliyevanın doğum günüdür!

08/26/2024

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Birinci xanım Mehriban Əliyeva 1964-cü il, Avqustun 26-da, Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri 23 saylı orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1990-1995-ci illər ərzində Moskvada Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. 2004-2022-ci illər ərzində UNESCO, 2006-cı ildən etibarən isə ISESCO-nun Xoşməramlı Səfiri kimi genişmiqyaslı fəaliyyət göstərib.
Ölkənin ictimai-siyasi həyatında aparılan islahatlarda fəal iştirakı, milli-mənəvi irsimizin qorunub saxlanılması, mədəniyyətimizin dünya miqyasında tanıdılması, təhsil , səhiyyə, idman və digər sahələrin inkişafına verdiyi töhvə, vətənpərvərliyi, xeyirxahlığı, insanpərvərliyi ilə əsl humanizm simvoludur. Əbəs deyil ki, 2013-cü ilin yanvarında Pakistanın “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı tərəfindən Mehriban xanım “Humanizm simvolu – 2012-ci ilin adamı” elan edilib. Şəhid ailələrinə, qazilərə xüsusi diqqət, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi analıq qayğısı ilə hər kəsin ürəyini ələ almağı bacarıb. İkinci Qarabağ müharibəsi ərəfəsində milli orduya mənəvi dəstəyi, milli həmrəylik ruhunda xalqa müraciətləri yaddaşlarda dərin iz buraxıb. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımlarla çoxsaylı sosial layihələrin müəllifi kimi təkcə ölkəmizdə deyil, dünyada müasir Azərbaycan qadınının əzəmətli obrazını qürurverici şəkildə təmsil edir.
Bütün vacib sahələr kimi, səhiyyə, xüsusilə də əhalinin sağlamlığı məsələlərinə də xüsusi həssaslıqla yanaşan Mehriban Əliyeva “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələrə imza atıb. Bu addımların nəticəsi olaraq, Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları yaradılıb, və ya əsaslı bərpa işlərindən sonra istifadəyə verilib.
Mehriban xanımın tapşırığı ilə, aztəminatlı ailələr və xüsusi diqqət tələb edən şəxsləri daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə də mütəmadi olaraq müxtəlif layihələr icra edir. Ölkənin Birinci xanımı xeyriyyəçiliyi ilə gələcək nəsillərə nümunəvi bir yol göstərir.
Yüksək peşəkarlıqla təşkilatçılıq nümayiş etdirən Mehriban Əliyeva Azərbaycanın dünya miqyaslı layihələrə ev sahibliyi etdiyi “Eurovision” Beynəlxalq mahnı müsabiqəsi, Formula 1, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları ilə bunu bird aha sübut etdi. Təsadüfi deyil ki, Mehriban xanım “Ədalətli oyunlar”ın təbliğində nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsi tərəfindən “Xüsusi xidmətlərə görə” medalına layiq görülüb.
Mehriban Əliyevanın fəaliyyəti nəinki Azərbaycanda, dünya miqyasında yüksək qiymətləndirilir. Mehriban Əliyeva Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, eləcə də “Qızıl ürək” Beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı və bir sıra çoxsaylı mükafatlara və ordenlərə layiq görülüb. Mehriban Əliyeva xalqın ona olan sevgisi, inamı və etimadını bütün ali mükafatlardan üstün tutur. Mehriban Əliyeva belə qeyd edir: “İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.