Tibb işçilərinin mərkəzləşmiş qaydada işə qəbul alt sistemi - Müəssisələr və namizədlər üçün hansı üstünlükləri vəd edir?

02/12/2025

1. Namizədin meyarlar üzrə qiymətləndirildiyi ballar sistem üzərindən yoxlanıla bilirmi? Uyğun namizəd sistemdə necə seçilir?

Tibb müəssisələri tərəfindən elan olunmuş vakant yerlərə müraciət edən namizədlərin bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğun olmasının müəyyən edilməsi məqsədilə şəffaflıq şəraitində müsahibə keçirilir. Müsahibə tibb müəssisəsində aparılır.
Müsahibə zamanı Komissiya üzvü tərəfindən namizədə hər meyar üzrə suallar verilir. Eyni vakansiya üzrə müraciət etmiş namizədlərə eyni suallar təqdim edilməlidir. Namizədin cavabları Komissiya üzvləri tərəfindən hər bir meyar üzrə 2 (iki), 3 (üç), 4 (dörd) və 5 (beş) baldan biri ilə qiymətləndirilir. Hər hansı meyar üzrə 2 bal (qeyri-kafi) verilən namizəd müsahibədən keçməmiş kimi dəyərləndirilir. Hər bir meyara uyğun qiymətləndirmə vəzifəyə uyğunluğu müəyyən edən bal cədvəlinin müvafiq hissəsində yazılır, yekun olaraq namizədə verilən ballar toplanaraq ümumi bal müəyyən edilir və bu yekun nəticəni əks etdirən bal işə qəbul alt sisteminə daxil edilir. Müsahibə başa çatdıqdan sonra bütün namizədlərin yekun balları sistem üzərindən avtomatik müqayisə edilərək ən yüksək bal toplamış namizəd sistem tərəfindən seçilir. Bu nəticələr barədə hər bir namizədə fərdi qaydada sistem üzərindən avtomatik məlumat daxil olur.

2. Namizədlər sistem üzərindən bir neçə vakant yerə müraciət edə bilərmi? Bu mümkündürsə, müsahibə vaxtlarının eyni vaxta təsadüf etməməsi üçün sistemdə proaktivlik nəzərə alınıbmı?

İşə Qəbul Alt Sistemi üzərindən müxtəlif səhiyyə qurumlarının tabeliyində olan dövlət tibb müəssisələri tərəfindən vakant yerlər barədə elanlar yerləşdirilir. Bu sistem vasitəsilə səhiyyə sektorunda fəaliyyət göstərən müəssisələr öz kadr ehtiyaclarını daha effektiv və şəffaf şəkildə idarə edə bilirlər. Vakansiyalar haqqında elanlar sistemdə açıq şəkildə təqdim olunur və namizədlər həmin vəzifələrə müraciət edərək müsahibə prosesində iştirak edə bilirlər.
İşə qəbul prosesi zamanı namizədlərin uyğunluğunu təmin etmək üçün hər bir vakant vəzifə üçün xüsusi kriteriyalar müəyyən edilir. Bu kriteriyalar namizədin təhsili, iş təcrübəsi, ixtisası, bilik və bacarıqları əsasında tərtib edilir. Namizədlər yalnız uyğun gəldikləri vakansiyalara müraciət edə bilərlər ki, bu da işə qəbul prosesinin səmərəliliyini artırır və səhiyyə müəssisələrinin ən uyğun kadrları seçməsinə şərait yaradır.
Eyni namizəd öz təhsil, bilik və bacarıqlarına uyğun olan bir neçə vakant vəzifəyə müraciət edə bilər. Bu, səhiyyə sahəsində çalışan kadrlar üçün daha geniş iş imkanları yaratmaqla yanaşı, müəssisələrə də daha çox seçim imkanı təqdim edir. Hər bir müraciət sistemdə qeydə alınır və vakansiya üzrə seçim mərhələləri avtomatlaşdırılmış qaydada izlənilir.
Sistem vasitəsilə namizədin vakant yerlərə müraciəti qeydə alındığı üçün müsahibə vaxtı təyin edildikdə, həmin namizəd üçün digər tibb müəssisələri eyni tarixdə müsahibə təyin edə bilmir. Bu mexanizm sayəsində namizədlərin eyni gün ərzində bir neçə tibb müəssisəsində müsahibəyə çağırılması ehtimalı aradan qaldırılır. Nəticədə həm namizədlər, həm də işəgötürən müəssisələr üçün müsahibə prosesi daha səmərəli və nizamlı şəkildə həyata keçirilir.

3. Sistemin üstünlükləri və istifadə qaydaları haqqında məlumat verərdiniz

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sisteminin (VSİS) “İşə qəbul” alt sistemi səhiyyə müəssisələrinə kadr seçimi prosesini daha səmərəli və şəffaf şəkildə aparmağa imkan yaradır. İşə qəbul prosesinin tam elektronlaşdırılması sayəsində insan faktorunun təsiri minimuma endirilir. Namizədlərin qiymətləndirilməsi obyektiv meyarlar əsasında aparılır. “İşə qəbul” alt sistemin tətbiqi Səhiyyə müəssisələrinin kadr ehtiyaclarını mərkəzləşdirilmiş sistem vasitəsilə daha sürətli qarşılamağa imkan yaradır, kağız üzərində aparılan müraciət və sənəd qəbulu prosedurlarını aradan qaldırır. Mərkəzləşdilrilmiş məlumat bazası hesabına Səhiyyə müəssisələri real vaxt rejimində vakansiyalar və namizədlər haqqında məlumat əldə edə bilirlər.
Seçim mexanizmi avtomatlaşdırıldığı üçün namizədlərin təhsil, iş təcrübəsi və digər uyğunluq göstəricilərinə əsasən avtomatik filtrasiya aparılır. Müsahibə və imtahan mərhələlərinin nəticələri sistemdə qeyd edilir və reytinq əsasında yekun seçim aparılır.
“ İşə qəbul” alt sistemi Vahid Səhiyyə İnformasiya Sistemi çərçivəsində digər səhiyyə və dövlət qurumlarının sistemləri ilə inteqrasiya edilərək məlumatların doğruluğunu və etibarlılığını artırır. Namizədlərin sertifikat, diplom və digər sənədlərinin doğrulaması avtomatik həyata keçirilir.
Alt Sistem həm işəgötürənlər, həm də namizədlər üçün rahat və intuitiv interfeys təqdim edir. Sistem həmçinin müraciətlərin statusunu izləmək və bildirişlər almaq imkanı yaradır. Bu sistem səhiyyə sahəsində insan resurslarının idarə olunmasını daha effektiv və müasir tələblərə uyğun şəkildə təşkil etməyə kömək edir.