"Rəqəmsal Resept"
02/19/2024
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin “Tədbirlər Planı”nın 3.2.4-ci bəndinin icrası ilə əlaqədar olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 aprel tarixli 318s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Əczaçılıq sahəsinin tənzimlənməsinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı”nın 3.1-ci bəndində “Reseptlərin elektron qaydada elektron sistemdə yazılması, aidiyyəti qurumların, bütün tibb müəssisələrinin və aptek təşkilatlarının həmin sistemə qoşulması” məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Rəqəmsal resept” informasiya sistemi hazırlanmışdır.
Bununla bağlı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 01.01.2024-cü il tarixindən etibarən dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrinin, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçilərinin həmin sistemə qoşulması təmin edilmişdir.
Rəqəmsal resept sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. Eyni zamanda E-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin rəqəmsal səhiyyə ilə daha effektiv xidmət göstərməsini və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsini təmin edir. Elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunması təmin edəcək. Belə ki, rəqəmsal resept kağız dövriyyəsini aradan qaldıracaq, həkimlər vətəndaşlara elektronlaşdırılmış və sürətli şəkildə xidmət göstərəcək. Eyni zamanda rəqəmsal resept əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək.
Rəqəmsal Resept sisteminin tətbiqi yuxarıda qeyd olunan üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq. Bu sistemin tətbiqi ilə dərman satışı sahəsində tranzaksiyalara nəzarətin real mexanizmi yaranacaq.
Rəqəmsal resept yanlız dövlət qeydiyyatına alınmış və tarif şurasında qiymət qoyma prosesindən keçmiş dərman vasitələri bazası əsasında tərtib ediləcək.
Bioloji fəallığa malik qida əlavələri rəqəmsal reseptə daxil edilməyəcək.
Sistem fərdi kompüter və mobil cihazlarda istifadə üçün nəzərdə tutulmuşdur. Rəqəmsal resept sisteminə web üzərindən https://reseptim.az/ internet səhifəsindən keçid etmək mümkündür. Eyni zamanda sistemin mobil versiyasını Android tipli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan “reseptim” yazaraq yükləmək mümkündür. Rəqəmsal reseptə qeydiyyat və giriş elektron hökumət sisteminin əsas altsistemlərindən olan ASAN LOGİN vasitəsilə həyata keçirilir.